Uluxanlı məscidləri
Qərbi Azərbaycanın ən qədim və ən iri yaşayış məntəqələrindən olan Uluxanlıda hər məhəllənin öz məscidi olmuşdur. Uluxanlı da keçmiş zamanlarda yeddi məscid var idi: Azamanlılar məscidi, Elatlar məscidi, Torlu məscid, Baltanəmmədlilər məscidi, Qarağaclar məscidi, Qədimalılar məscidi, Nüxülülər məscidi. Bu məscidlərdə dini ayinlərin icrası ilə yanaşı, dini söhbətlərlə bərabər, dünyada baş verən hadisələrdən, ümumi problemlərdən, xeyriyyəçilikdən və s. söhbət gedərdi. Məscidlərin, demək olar ki, hamısının xarabalıqları qalmışdır. Salamat qalanların isə biri sovxozun anbarı kimi, biri məktəb, biri isə mədəniyyət şöbəsinin kitabxanası kimi istifadə olunurdu. 1970-ci illərdə Uluxanlıda bir məscid rəsmi olaraq fəaliyyətə başlamişdı. Elatlar məhəlləsi ilə Qırmızı məhəllənin arasında yerləşən bu məscid Küllükbaşı məscid də adlanırdı. 1988-ci ildə ermənilər onu da yandırdılar.
Uluxanlı kəndinin adı 1924-cü ildə dəyişdirilib Nərimanlı qoyulmuşdur. Sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 31.12.1937-ci il tarixli fərmanı ilə dəyişdirilib Zəngibasar, 31.07.1950-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək Masis adlandırılmışdır. 7 noyabr 1995-ci il tarixli Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında yeni qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
