Qərbi Azərbaycandan azərbaycanlıların etnik təmizlənməsinin mərhələləri və monoetnik erməni dövlətinin yaranması
Respublika. - 2023.- 16 dekabr. - № 275. - S. 6.
Qərbi Azərbaycandan azərbaycanlıların etnik təmizlənməsinin mərhələləri və monoetnik erməni dövlətinin yaranması
Nazim Mustafa,
tarix üzrə fəlsəfə doktoru
(əvvəli 15 dekabr tarixli sayımızda)
Qərbi Azərbaycan dedikdə indiki Ermənistan Respublikasının əhatə etdiyi, tarixən azərbaycanlıların yaşadığı coğrafi məkan nəzərdə tutulur.
Bu gün Ermənistan Respublikası adlanan dövlətin ərazisi tarixin müxtəlif dövrlərində Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, İlxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar və çar Rusiyasının ərazisinə daxil olmuşdur. Tarixdə ilk erməni dövləti yalnız 1918-ci ildə Cənubi Qafqazda tarixi Azərbaycan torpağında yaranmışdır.
Cənubi Qafqazda ən gec məskunlaşan etnos ermənilərdir. Qədim türklər olan saklar, kimmerlər, hunlar, barsillər, oğuzlar, qıpçaqlar Qafqazda at oynadanda bu regionda ermənilərdən əsər-əlamət yox idi. İndiki Ermənistan ərazisində, həmçinin tarixən sabunçu, baharlı, bayandur, qacar, kəngər, qazax, əfşar, xalac, şamlı, ustaclı, türkman, ayrım, qarapapaq, qaramanlı, muğanlı və s. türk tayfaları yaşamışlar. Həmin ərazidə oğuzların 24 boyunun hər biri ilə bağlı yer-yurd adları tarixi ədəbiyyatda və xəritələrdə öz əksini tapmışdır.
Bu gün özlərini "hay" adlandıran toplum tarixi xristianlığın ən qədim kitabı hesab edilən İncilə və müxtəlif xalqların mifoloji qaynaqlarına uyğunlaşdırılmış, orada adları sadalanan şəxslərin prototipləri uydurulmuş və yer-yurd adları saxtalaşdırılmışdır.
1441-ci ildə Qaraqoyunlu hökmdarı Cahan şahın razılığı ilə erməni katolikosluğu Kilikiyadan İrəvan yaxınlığında Valarşabad kəndindəki Üçkilsəyə - Eçmiədzinə köçürülmüşdür. Həmin vaxtdan etibarən ermənilər İrəvan ətrafında məskunlaşmağa başlamışlar. Matenadaranda saxlanan alqı-satqı sənədlərində Üçkilsənin ərazisinin Azərbaycan ölkəsinin Çuxur-Səəd vilayətində yerləşdiyi qeyd edilir.
1747-ci ildə Nadir şahın ölümündən sonra 1828-ci ilədək Çuxur-Səəd bəylərbəyliyinin ərazisində feodal dövlət kimi İrəvan xanlığı mövcud olmuşdur. Son 200 ildə baş verən hadisələrin təhlili göstərir ki, Ermənistan dövləti Qərbi Azərbaycan ərazisində azərbaycanlıların zaman-zaman kütləvi qırğınlara, soyqırımlarına və deportasiyalara məruz qoyulması və həmin əraziyə ermənilərin kütləvi surətdə köçürülməsi nəticəsində meydana çıxmışdır. Qərbi Azərbaycandan azərbaycanlıların etnik təmizlənməsi beş mərhələdə həyata keçirilmişdir.
Qərbi Azərbaycandan azərbaycanlıların etnik təmizlənməsinin mərhələlərinin hər biri "Respublika" qəzetinin oxucularına təqdim edilir.
III mərhələ
1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlər soyqırımı kimi xarakterizə edilir. Çünki həmin qırğınlar müstəqil Ermənistan dövlətinin yeritdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin nəticəsi idi.
Rusiyada 1917-ci il noyabr çevrilişindən sonra rus qoşunlarının tərkibində Qafqaz cəbhəsində Türkiyəyə qarşı vuruşan erməni əsgər və zabitləri əllərində silah Cənubi Qafqaza qayıdırdılar. Üstəlik, ermənilərin "Qərbi Ermənistan" adlandırdıqları Şərqi Anadolu ərazilərindən həmin dövrdə 260 minə yaxın erməni qaçqını da Cənubi Qafqaza gəlmiş, əsasən İrəvan quberniyasında özlərinə sığınacaq tapmışdı. 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri təkcə İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi - üst-üstə 198 kəndi darmadağın etmiş, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımızı soyqırımına məruz qoymuşlar. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirən ermənilərin məqsədi İrəvan quberniyası ərazisində "türksüz Ermənistan" dövləti yaratmaqdan ibarət idi.
1918-ci ilin mart ayından etibarən Bakı Kommunasının daşnak-bolşevik silahlı qüvvələri tərəfindən əks-inqilabçılarla mübarizə pərdəsi altında Bakı quberniyasının azərbaycanlılardan təmizlənməsi planı gerçəkləşdirilmişdi. Mart-aprel-may aylarında Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Ağsuda, Kürdəmirdə, Salyanda, Lənkəranda kütləvi qırğınlar törətmiş, 50 mindən artıq soydaşımız vəhşi üsullarla qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdi.
1918-ci il mayın 28-də Azərbaycanın və Ermənistanın müstəqilliyi elan edilmişdir. Mayın 29-da Müsəlman Milli Şurasının iclasında İrəvanın siyasi mərkəz kimi Ermənistana güzəşt edilməsi haqqında qərar qəbul edilmişdir.
1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Ermənistan arasında Batumda sülh və dostluq haqqında imzalanan müqaviləyə əsasən, Ermənistan Respublikasının ərazisi təqribən 9 min kvadratmetr, əhalisi isə 321 min nəfər (o cümlədən 230 min erməni, 80 min müsəlman, 5 min yezidi kürdü, 6 min digər millətlər) təşkil edirdi. Bu respublikanın ərazisinə, Basarkeçər bölgəsi istisna olmaqla, Novo-Bəyazid qəzası, İrəvan qəzasının beşdəüçü, Eçmiədzin qəzasının dörddə biri, Aleksandropol qəzasının dörddəbiri daxil idi. Batum müqaviləsinin imzalanmasından sonra İrəvan quberniyası ərazisində ev-eşiyindən didərgin düşən müsəlman qaçqınlar tədricən öz yer-yurdlarına qayıtmağa başlamışdılar.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra, 1918-ci ilin mart hadisələrinin tədqiqi məqsədilə Nazirlər Şurası iyulun 15-də Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919-cu və 1920-ci il mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ümummilli Matəm Günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi.
1918-ci il oktyabrın 30-da imzalanan Mudros sazişinə əsasən türk qoşunlarının Cənubi Qafqazdan geri çəkilməsindən sonra ermənilərin İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı kütləvi qarət-qırğınlarının ikinci mərhələsi başlanmışdır.
Ermənistan hökuməti Zəngəzuru azərbaycanlılardan tamamilə təmizləməklə Paris Sülh Konfransını fakt qarşısında qoymaq, daha sonra Qarabağı və Naxçıvanı ələ keçirməklə daşnak parlamentinin 28 may 1919-cu il tarixli "Birləşmiş Ermənistan" yaradılması haqqında qərarını reallaşdırmaq niyyətində idi. Erməni silahlı dəstələri tərəfindən 1918-1920-ci illərdə Zəngəzurda 166, İrəvan quberniyasında 300, Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, bir milyona yaxın əhali öz tarixi-etnik torpaqlarından didərgin salınmışdır.
Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 130 kənd erməni silahlı dəstələri tərəfindən dağıdılaraq xarabalığa çevrilmişdir. 1916-cı ildə İrəvan quberniyasında 373582 nəfər azərbaycanlı qeydə alındığı halda, 1920-ci ilin noyabrında Ermənistan SSR-də cəmi 10 min nəfər azərbaycanlı qalmışdı. 1922-ci ildə 130 min azərbaycanlı Sovet Ermənistanına qayıda bilmişdi.
Yalnız 80 ildən sonra, ermənilərin XIX-XX əsrlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya aksiyalarına hüquqi-siyasi qiymət vermək məqsədilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 26 mart 1998-ci ildə "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalamış və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
IV mərhələ
Sovet Ermənistanında 30-cu illərdə 50 mindən artıq azərbaycanlı repressiyaya məruz qoyulmuş, onların xeyli hissəsi Qazaxıstana və Orta Asiyaya sürgün edilmişdi. Bu aksiya icra edilən zaman heç bir müqavimətə rast gəlməyən Ermənistan rəhbərləri 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində daha bir aksiyanın - azərbaycanlıların deportasiyasının həyata keçirilməsinə nail oldular.
İkinci Dünya müharibəsinin sonlarında SSRİ Türkiyəyə qarşı ərazi iddiası irəli sürmüşdü. Ermənilərin Türkiyəyə qarşı ərazi iddiası ilə SSRİ-nin hücum etmək planları üst-üstə düşürdü. İ.Stalin Rusiya ilə Türkiyənin 1914-cü il sərhədlərini bərpa etmək, yəni Qars və Ərdahan vilayətlərini yenidən Türkiyədən qoparmaq istəyirdi. Lakin SSRİ-nin Türkiyədən qoparmaq istədiyi əraziləri məskunlaşdırmaq problemi qarşıya çıxmışdı. Bu məsələni xaricdən Ermənistan ərazisinə ermənilərin gətirilməsi yolu ilə həll etmək istəyirdilər.
1945-ci ilin noyabrında Ermənistan hökumətinin vəsatətini əsas götürərək SSRİ Xalq Komissarları Soveti 21 noyabr 1945-ci il tarixdə "Ermənilərin xaricdən Sovet Ermənistanına qayıtmaları ilə əlaqədar tədbirlər haqqında" qərar qəbul etdi.
Artıq 1946-cı ilin əvvəlində 130 min erməni xaricdən Ermənistana köçmək arzusunda olduğunu bildirmişdi. 1945-ci ilin sonu, 1946-cı ilin əvvəlində Ermənistan KP MK-nın birinci katibi Q.Arutiunov xaricdən ermənilərin kütləvi repatriasiyasını əsas götürərək, "Dağlıq Qarabağ"ın və Naxçıvanın Ermənistana birləşdirilməsi məsələsini Moskva qarşısında qaldırmışdı. Mir Cəfər Bağırov ermənilərin bu iddiasına cavab olaraq Moskvaya bildirmişdi ki, o, Şuşa istisna olmaqla, Arutiunovun tələbi ilə o şərtlə razıdır ki, Ermənistanın Əzizbəyov, Vedi, Qarabağlar rayonları Azərbaycana birləşdirilsin. Bundan sonra həmin məsələ qapadılmış, əvəzində azərbaycanlıların Ermənistandan deportasiyası məsələsi ciddiləşmişdi. 1946-1948-ci illərdə xaricdən Ermənistana təqribən 100 min erməni köçürülmüşdü.
(ardı var)
