Qərbi Azərbaycan

Həsən Əliyev

Həsən Əliyev

Həsən Əlirza oğlu Əliyev 1907-ci ildə Yelzavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının Qarakilsə nahiyəsinin (sonralar Sisyan rayonu) Comərdli kəndində doğulmuşdur. Torpaqşünas və coğrafiyaşünas alim. 

Azərbaycan EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işlər üzrə direktor müavini, APİ-də müəllim, Azərbaycan EA Botanika İnstitutunun direktoru (1949-52), Azərbaycan KP MK katibi (1952), Azərbaycan EA-nın akademik katibi (1952-57) olmuşdur. 1968-ci ildən ömrünün sonunadək Azərbaycan EA Coğrafiya İnstitutunun direktoru, eyni zamanda 1975-ci ildən Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin sədri olmuşdur. ABŞ-da, Yunanıstanda, Rumıniyada, İsveçrədə, Polşada və bir sıra başqa ölkələrdə keçirilən beynəlxalq simpoziumların iştirakçısı olmuşdur. H. Ə. Əliyevin Azərbaycanda meşə zolaqlarının və üzümlüklərin salınmasında böyük xidmətləri olmuşdur. Meşələrin qorunması üçün var qüvvəsini səfərbər etmiş, təbiətin mühafizəsi ilə bağlı "Həyəcan təbili" adlı kitabını yazmış, hamını təbiətin mühafizəsinə çağırmışdır. Yüzlərlə elmi əsərin müəllifidir. Dəfələrlə Ali Sovetə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur.

1992-ci ildə vəfat etmişdir. Xatirəsi əbədiləşdirilərək adı küçə, məktəb və elmi tədqiqat müəssisəsinə verilmişdir.