İsrafil Məmmədov
İsrafil Süleyman oğlu Məmmədov 1927-ci il noyabrın 8-də Qərbi Azərbaycanın Meğri rayonunun Əmrəkar kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1943–44-cü illərdə qonşu Vardanizor kəndində müəllimlik edib. 1944–48-ci illərdə Meğri rayon komsomol komitəsində, rayon qəzeti redaksiyasında müxtəlif vəzifələrdə çalışmış, 1948–1951-ci illərdə Ermənistan LKGİ Meğri rayon komitəsinin birinci katibi seçilmişdir. Eyni zamanda Meğri rayon qəzeti - "Kolxoz kəndi" redaksiyasında və radio verilişlərində Azərbaycan dilində olan materialları redaktə etmişdir. 1952–55-ci illərdə Ermənistan KP MK nəzdində üç illik partiya məktəbində təhsil alan İ. Məmmədov, həmçinin 1954-cü ildə Azərbaycan Dövlət Pedaqojin İnstitutunun tarix fakültəsini qiyabi bitirib. 1956–1987-ci illərdə "Sovet Ermənistanı" qəzeti redaksiyasında redaktor köməkçisi, partiya və təbliğat şöbələrinin müdiri, məsul katib, redaktor müavini, 1987–89-cu illərdə Ermənistan SSR maarif nazirinin müavini, 1989–90-cı illərdə "Sovet Ermənistanı" qəzetinin redaktoru vəzifələrini icra etmişdir. Eyni zamanda Ermənistan KP MK nəzdində partiya komissiyasının, Ermənistan SSR "Bilik" cəmiyyəti Rəyasət heyətinin və Ermənistan SSR sülhü müdafiə komitəsinin Mərkəzi Şurasının üzvü olumşdur.
1972-ci ildə "Ermənistanda Azərbaycan mətbuatının tarixi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1964-cü ildən İrəvan Pedaqoji Universitetində dərs deyib.
1991-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində "Erməni redaksiyası"nın müdiri olub. Daha sonra AMEA-nın Milli Münasibətlər İnstitutunda və Tarix institutunda Azərbaycanlıların deportasiyası və soyqırımı şöbəsinin müdiri vəzifəsində işləyib.
Azərbaycanlıların soyqırımı və deportasiyasına, mətbuat tarixinə və ictimai fikir tarixinə dair 20-dən artıq kitabın müəllifidir.
“İrəvan xanlığı” monoqrafiyasının müəlliflərindən biri kimi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2012-ci il tarixli Sərəncamı ilə elm sahəsində Dövlət mükafatı laureatı adına layiq görülmüşdür.
25 iyun 2019-cu ildə Bakıda vəfat etmişdir.
