Qərbi Azərbaycan

İrəvandakı Göy məscid İran abidəsi deyil, cənab səfir...

Bakı Xəbər. - 2022. - 6 mart. - № 43. - S. 11.

 

İrəvandakı Göy məscid İran abidəsi deyil, cənab səfir...

 

Qasım Hacıyev: “Əgər səfir bilmirsə, biz Göy Məscidin tarixini ona xatırlada bilərik”

 

İradə Sarıyeva

 

Bu günlərdə Azərbaycan parlamentinin iki deputatının İrəvana səfər çərçivəsində orada Azərbaycan mədəniyyətinin yeganə nişanəsi Göy məscidi ziyarət etməsi və onun qarşısında şəkil çəkdirib, Göy Məscidin Azərbaycan abidəsi olduğunu xatırlatmaları ermənilərlə yanaşı farsları da yerindən oynadıb.

Deputatlarımızın Göy Məscidi Azərbaycan abidəsi adlandırması, bu gerçəklik İranın Ermənistandakı səfirini elə yandırıb, elə qıcıqlandırıb ki, səfir ağzına gələni danışıb, bir sözlə sərsəmləyib. Halbuki, heç ermənilər məscidlərə donuz bağlayanda, dinimizi təhqir edəndə nə İranın, nə də bu ölkənin Ermənistandakı səfirinin səsi çıxmamışdı. O zaman danışmaq lazım idi cənab səfir.

Ermənistan mətbuatının yaydığı məlumata görə, İranın Ermənistandakı səfiri Twitter səhifəsində “Ermənistanda yerləşən Göy məscid İran mədəniyyətinin simvoludur, son 3 onillikdə yenidən müsəlmanların yığışdığı dua yeri olub, həmçinin turistləri də cəlb edib...Çox xoşdur ki, onun yüzillərdən gələn İran epiqrafikası saxlanılıb. Onu kim oxuya bilər?” deyə yazıb. İranın Ermənistandakı səfiri bu cəfəngiyyatları qeyd etməklə 30 il müddətində ölkəsinin Ermənistanla əl bir olub Azərbaycanın mədəni irsinə qarşı saxtakarlıq etdiyini unutdurmaq istəyir. Yəqin ki, səfir Göy Məscidin Azərbaycanın irsi olduğunu yaxşı bilir, sadəcə erməni fitnəsinə uyub Azərbaycan məscidini farslaşdırdıqlarını ört-basdır etmək niyyətini ortaya qoyur. Yoxsa, bunun başqa adı yoxdur. 30 il boyunca İrəvandakı Göy məscidi, uzun illər də Şuşadakı Yuxarı Gövhər Ağa Məscidini “fars mədəni irsi” kimi təqdim edən İran o məscidlərin quruluşunu da, ornamentlərini də, yazılarını da dəyişdirərək saxtalaşdırıb. Göy Məscid heç vaxt fars irsi olmayıb, ola bilməz. Ermənilər kimi farslar da Azərbaycanın mədəni irsinə qarşı saxtalaşdırma aparıb və bu səbəbdən də deputatlarımızın Göy Məscidlə bağlı paylaşım etməsi səfiri bu qədər yandırıb. Əslində, deputatlarımız bu paylaşımlarla İranın ikiüzlü siyasətini ifşa ediblər.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, professor Qasım Hacıyev baki-xeber.com-a şərhində bildirdi ki, İran azərbaycanlılara qarşı hörmətsizlik, mənfur niyyətlər bəsləməkdə heç də ermənilərdən kənarda qalmır. “Biz illər boyu bunu müşahidə etmişik, 30 il boyunca da ən dəhşətli məzərələrlə qarşılaşmışıq. Birinci Qarabağ müharibəsində ermənilərə həm gizli, həm də aşkar şərait yaradan, kömək edən, atəşkəsdən sonra da Azərbaycan şəhərlərini, kəndlərini, mədəni irsini, abidələrini, məzarlıqlarını, məscidlərini söküb dağıdan, yerlə yeksan edən ermənilərlə can bir qəlbdə olan farslar bu gün də öz mənfur niyyətlərindən əl çəkmirlər. Bu qədər müsəlmançılığa yaraşmayan hərəkətlərdən sonra indi də bu fikirlərini davam etdirirlərsə buna qeyri-adi yanaşmaq lazım deyil. Bu onların mahiyyətinin dəyişməz olduğunu göstərir, bu farsların mövqeyidir, düşüncəsidir, niyyətidir. Farslar ermənilərlə əmioğlu olduqlarını qətiyyən gizlətmirlər, təəssüflər olsun ki, bunu da onun ətrafında olan bəzi müsəlmanlar ya başa düşmür, ya da başa düşmək istəmir. İranın Ermənistandakı səfiri bir tarixi açıb vərəqləsin görək Göy Məscid nə vaxtdan fars mədəni irsi olub, bu harada yazılıb? Bu məscidin farslarla heç bir əlaqəsi yoxdur, sadəcə azərbaycanlılar tarixi şəhərimiz İrəvandan deportasiya olunduqdan sonra bu şəhərdəki bütün mədəni irsimiz dağıdılıb, məhv edilib. Göy Məscidi isə farslaşdırmaqla saxlayıblar, amma Göy Məscid Azərbaycan irsidir. Əgər səfir bilmirsə, biz Göy Məscidin tarixini ona xatırlada bilərik. Göy Məscid  1766-ci ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə İrəvanda tikilib və Azərbaycan abidəsidir. 

Səfirə də onu da xatırlatmaq istərdim ki, Azərbaycan və İran xalqı arasında müştərək mədəniyyət, müştərək dövlətçilik ənənələri, gediş-gəliş əlaqələri olub, keçmişdə bəzən  bir dövlətin tərkibində olmuşuq, sonradan dünyanın ən gözəl dini olan islam dinini birlikdə qəbul etmişik, müsəlmanıq. Təəssüf ki, bütün bunların hamısını bir kənara qoyaraq İran hər addımda ermənilərə kömək edib, gizli şəkildə silahlandırıb, ərzaqla təmin edib, hətta kəşfiyyat məlumatı ilə təmin edib. Bunu müsəlman dövləti İran edib”.

Q.Hacıyev deyir ki, İran indiyə qədər öz xəritələrində bütöv Azərbaycanı əks etdirməyə çalışmayıb, buna qısqanclıqla yanaşıb. Belə bir halda onlardan nə qardaşlıq, nə dostluq, nə dindaşlıq gözləmək olar? Q.Hacıyevin sözlərinə görə, heç zaman İran müsəlman həmrəyliyinə xidmət etməyib. “Biz Ermənistanın qarşısına tələb qoyanda Rusiyadan sonra İran Ermənistana havadarlıq edir. Səfir bilmir ki, ermənilər necə saxtakar toplumdur. Torpaqlarımız işğalda olanda ermənilər bizim məscidlərə donuz bağlayıb təhqir edəndə İran buna reaksiya vermədi və Şuşa məscidini farslaşdırmaq üçün hərəkətə keçdi. Biz nə qədər etiraz etsək də, İran yenə də Şuşadakı Gövhər ağa Məscidini “fars məscidi” kimi təmir etdirdi. O zaman o məscidi mənimsəmək üçün təmir edirdilər. Sonra da Şuşa azad olandan sonra İran təmsilçiləri  heç bir məsuliyyət daşımadan, xəcalət çəkmədən gedib orada namaz qıldılar. Şuşanın işğaldan azad olunmasından ən çox narahat olan ölkələrdən biri İran oldu.

Bütün dünya bilir ki, indiki Ermənistan ərazisi Qərbi Azərbaycandır və tarixi türk torpaqlarıdır. Dünya bunu etiraf etməsə də yaxşı bilir. Səfir də bilməlidir ki, İrəvandakı bütün abidələr Azərbaycan xalqına məxsus olub, düzdür, indi o abidələrin hamısı məhv edilib. Cəmi iki abidə məhv edilməyib, onlardan biri Göy Məsciddir, onu da cinayətkarcasına farslaşdırırlar. Niyə bir dəfə İran səfiri Ermənistan rəhbərliyinə sual vermir ki, bəs İrəvandakı o biri məscidlər, abidələr hanı? Nə üçün Ermənistan Azərbaycana aid bütün mədəni irsi yer üzündən silib cəmi iki abidə saxlamısan? İran dövlət xadimləri Ermənistan rəhbərliyinə “buradakı türk-müsəlman abidələrini hara yoxa çıxarmısız” sualını verməli olduğu halda erməni saxtakarlığına şərik olurlar. Ermənilər alban xristian abidələrini erməniləşdirdiyi kimi İran da fürsətdən istifadə edib İrəvandakı Göy Məscidi və Şuşadakı Gövhər ağa Məscidini  farslaşdırmışdı. Bu gün Gövhər ağa Məscidini xilas etmişik, amma Göy Məscid hələ də xilas edilməyib. İran səfiri də Ermənistanın toruna düşüb, erməni saxtakarlığına şərik olduğunu ortaya qoyub. Səfir unutmasın ki, Göy Məscidi Ermənistanın razılığı ilə İran qanunsuz olaraq “fars məscidi” kimi təmir edib, elementləri, yazıları saxtalaşdırıb. İranı nə vadar edir ki, 30 ildir Ermənistanın hiyləgər siyasətinə züy tutur? Belə olmaz cənablar, sizin bir müsəlman dövləti, toplumu olmağı unutmağa haqqınız yoxdur. Elə Göy Məscidin də Azərbaycan abidəsi olduğunu unutmağa iranlı diplomatın haqqı yoxdur. Hesab edirəm ki, İranın Ermənistandakı səfirinin İrəvanın tarixini oxuyub öyrənməsinə ciddi ehtiyac var. İran səfiri onda görər ki, İrəvan tarixi Azərbaycan şəhəridir, Göy Məscid də Azərbaycan abidəsidir”-deyə Q.Hacıyev qeyd etdi.