Qərbi Azərbaycan

Diplomatiya və Qərbi Azərbaycanın ədalət mübarizəsi

Respublika. - 2025.- 31 may. - № 112. - S. 6.

 

Diplomatiya və Qərbi Azərbaycanın ədalət mübarizəsi

 

Jalə Qasımzadə

 

XXI əsrdə insan haqları beynəlxalq hüququn və ictimai konsensusun əsas dayaqlarından biri hesab olunur. Mayın 21-də Ankara şəhərində keçirilən "Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" mövzusunda beynəlxalq konfransın iştirakçılarına Prezident İlham Əliyev tərəfindən ünvanlanan məktub həm tarixi ədalətin bərpası, həm də beynəlxalq hüququn prinsipial tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Bu məktub Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdış hüququnun yalnız siyasi deyil, həm də dərin mənəvi və humanitar aspektlərə malik olduğunu ortaya qoyur. Keçmiş məcburi köçkünlərin yurdlarına ləyaqətli və təhlükəsiz şəraitdə dönməsi hüququ beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində tanınır. Prezidentin məktubunda xüsusi vurğulanan məqam ondan ibarətdir ki, XX əsrdə Qərbi Azərbaycanda - bugünkü Ermənistan ərazisində azərbaycanlılara qarşı bir neçə mərhələdə sistemli və məqsədyönlü şəkildə etnik təmizləmə siyasəti həyata keçirilib.

 

1918-1921, 1948-1953 və 1987-1991-ci illər ərzində yüz minlərlə azərbaycanlı doğma torpaqlarından zorla çıxarılıb, mədəni və dini irsi yerlə-yeksan edilib. Sözügedən deportasiya və etnik təmizləmə dalğaları Azərbaycanın geosiyasi bütövlüyünə qarşı yönəlmiş məqsədli planların tərkib hissəsi olub. Xüsusilə 1920-ci ildə Qərbi Zəngəzurun Ermənistana verilməsi Azərbaycanın əsas hissəsinin Naxçıvanla olan birbaşa quru əlaqəsini kəsib və bu, regionda süni şəkildə strateji izolyasiya vəziyyəti yaradıb.

Tarix sübut edir ki, Ermənistan azərbaycanlıların yaşadıqları ərazilərdəki mədəni və dini abidələri, yaşayış məskənlərini, qəbiristanlıqları və məscidləri sistemli şəkildə məhv edərək bu torpaqlarda azərbaycanlıların izlərini silməyə çalışıb. Bu, sadəcə mədəni soyqırımı deyil, həm də kollektiv yaddaşa, milli kimliyə qarşı yönəlmiş mənəvi təcavüzdür. Prezident İlham Əliyev məktubunda Ermənistanı Qərbi Azərbaycandakı azərbaycanlılara məxsus mədəni irsin qorunması istiqamətində addımlar atmağa, bu məqsədlə UNESCO-nun monitorinq missiyasına icazə verməyə çağırır. Bu çağırış təsadüfi deyil, çünki mədəni irsin məqsədli şəkildə məhv edilməsi, tarixi yaddaşın silinməsi beynəlxalq humanitar hüququn kobud pozuntusudur. UNESCO-nun mandatı yalnız müharibə dövründə deyil, postkonflikt və münaqişə sonrası bölgələrdə mədəni irsin qorunmasını da əhatə edir. Ermənistan isə illərdir bu təşkilatın bölgəyə səfər etməsinə əngəl yaradır. Bu da onu göstərir ki, Ermənistan Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni abidələrin məqsədli şəkildə dağıdılması və saxtalaşdırılmasını ört-basdır etmək istəyir. Dövlət başçısı məktubunda bu həqiqətə toxunaraq Ermənistanın məqsədinin regionun tarixini saxtalaşdırmaq, Azərbaycan xalqının bu ərazilərdəki minillik varlığını inkar etmək olduğunu açıq şəkildə bəyan edir. Belə bir yanaşma regionda sülh və əməkdaşlıq üçün əsasları sarsıdır, qarşıdurma və inamsızlığı dərinləşdirir.

Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunan tarixi qələbə və 2023-cü ildə keçirilən antiterror tədbirləri nəticəsində suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib. Bu, yalnız Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması üçün imkan yaratmayıb, həm də Qərbi azərbaycanlıların yeni ümid işığı olub. Prezidentin məktubunda da qeyd edildiyi kimi bu reallıq Qərbi azərbaycanlıların daha mütəşəkkil və planlı şəkildə öz hüquqlarını müdafiə etməsinə, beynəlxalq müstəvidə səsini ucalda bilməsinə şərait yaradıb: "2020-ci il Vətən müharibəsində qazanılmış şanlı Zəfər, 2023-cü ildə suverenliyimizin tam bərpası, hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz evlərinə qayıdışı Qərbi azərbaycanlılarda da böyük ruh yüksəkliyi yaratmış və onların daha mütəşəkkil qaydada fəaliyyət göstərməsinə imkan vermişdir. Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilmişdir".

Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı yalnız Azərbaycan cəmiyyətinin deyil, beynəlxalq ictimaiyyətin də diqqət mərkəzindədir. Prezident İlham Əliyevin məktubunda açıq şəkildə vurğulanan əsas məqamlardan biri də Qərbi azərbaycanlıların qayıdış istəyinin beynəlxalq hüquq normalarına tam uyğun olmasıdır. Bu, Azərbaycan tərəfindən hərbi-siyasi deyil, dinc və hüquqi əsaslı təşəbbüs kimi təqdim olunur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsində qeyd edilir ki, hər bir insanın ölkəsinə dönmək hüququ var. BMT-nin Qaçqınlar üzrə Konvensiyası, Avropa İnsan Hüquqları Konvensiyası və digər beynəlxalq sənədlər də məcburi köçkünlərin ləyaqətli, təhlükəsiz və könüllü şəkildə geri qayıtmaq hüququnu təsbit edir. Qərbi Azərbaycan İcmasının irəli sürdüyü və dövlətin tam dəstəklədiyi qayıdış hüququ məhz bu prinsiplərə söykənir. Bu kontekstdə Ermənistanın bu hüquqa qarşı çıxması, öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını saxlaması, azərbaycanlıların Ermənistana qayıdışını qeyri-mümkün kimi göstərməsi beynəlxalq hüququn açıq pozuntusudur və dünya ictimaiyyətinin diqqətindən kənarda qalmamalıdır.

Prezidentin məktubunda Ermənistanın konstitusiyasında hələ də Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer almasını sülh prosesinə ciddi maneə kimi təqdim edilir. Bu, yalnız diplomatik və siyasi deyil, həm də psixoloji müstəvidə sülhə qarşı göstərilən müqavimətin rəsmi təsdiqidir. Əgər bir ölkə qonşusuna qarşı ərazi iddiasını konstitusiyasında əbədiləşdiribsə, bu ölkə ilə real və davamlı sülhdən danışmaq mümkünsüzdür. Ermənistan məsələ ilə bağlı dərhal və konkret addımlar atmalı, əsas qanunda yer alan bu maddələri ləğv etməli, qonşu ölkələrə qarşı düşmənçilik ritorikasına son qoymalıdır. Əks təqdirdə nə Qərbi azərbaycanlıların qayıdışı təmin olunacaq, nə də bölgədə sabitlik və əməkdaşlıq mümkün olacaq. Odur ki, Prezident İlham Əliyevin çağırışı həm də Ermənistana bir fürsətdir. Bu çağırışla İrəvan hökumətinə açıq mesaj verilir: əgər sülh istəyirsinizsə, ilk növbədə öz konstitusiyanızda sülhə imkan yaradın. Ermənistan tərəfi bu qayıdışı əməkdaşlıq və barışıq fürsəti kimi qəbul etməlidir. Azərbaycanın Qərbi azərbaycanlıların qayıdışını hüquqi və mənəvi çərçivədə gündəmə gətirməsi onu göstərir ki, məqsəd yeni münaqişə yaratmaq deyil, ədalətsizliyi aradan qaldırmaqdır. Sülh yalnız sənədlərlə yox, konkret əməllərlə təsdiq olunmalıdır. Ermənistan əgər həqiqətən regional sabitlik və əməkdaşlıq istəyirsə, qayıdış məsələsində real dialoqa başlamalı, Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etməli və beynəlxalq təşkilatların iştirakı ilə qayıdışın formatı, mərhələləri və zəmanətləri müzakirə olunmalıdır. Qərbi azərbaycanlıların qayıdışı nəinki ədalətin bərpası, eyni zamanda regionda multikulturalizmin, birgəyaşayışın və dinc əməkdaşlığın mümkünlüyünün sübutu ola bilər. Bu, həm də Ermənistan cəmiyyətinin öz daxilində transformasiyası üçün imkan, monoetnik və qapalı siyasi kimlikdən açıq və inklüziv cəmiyyətə keçid üçün bir fürsətdir. Əgər Ermənistan bu çağırışlara konstruktiv yanaşsa, bu ölkənin iqtisadi əlaqələri və daxili sabitliyi üçün də müsbət nəticələr verə bilər. Əks təqdirdə, Ermənistan özünü bir daha regionun autsayderi və beynəlxalq hüquq normalarını pozan dövlət kimi təsdiq edəcək.