Qərbi Azərbaycan

Doğma yurda dönüş beynəlxalq çağırışa çevrilir

Azərbaycan. - 2025.- 25 iyun. - № 129. - S. 13.

 

Doğma yurda dönüş beynəlxalq çağırışa çevrilir

 

Yasəmən Musayeva

 

İndiki Ermənistan ərazisindən qovulan yüz minlərlə qaçqın soydaşımız düz 37 ildir ki, həsrət və böyük ümidlə tarixi torpaqlarına qayıdacaqları günü gözləyirlər. Keçmiş məcburi köçkün vətəndaşlarımızın Qarabağa və Şərqi Zəngəzura qayıdışına şahidlik etmələri isə bu soydaşlarımızda da öz yurdlarına dönəcəkləri inamını birə min artırıb. Onlar Azərbaycan dövlətinin qarşısında duran növbəti milli hədəfin, prioritetin məhz Qərbi Azərbaycana qayıdış olduğunu bilirlər.

 

Dövlətimiz yüz minlərlə soydaşımızın hüquqlarının bərpası istiqamətində əməli işlər görür, bu məsələnin beynəlxalq gündəlikdə saxlanması üçün fəaliyyətini davam etdirir. Qərbi Azərbaycana qayıdışın bölgədə dayanıqlı sülh üçün vacib şərt olduğu da  hər zaman vurğulanır.

İyunun 18-də "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciətində Prezident İlham Əliyev bildirib ki, simpoziumda müzakirə ediləcək mövzulardan biri qaçqınların hüquqları ilə bağlıdır. Bu sahədə diqqət yetirilməli olan məsələ keçən əsrin əvvəllərindən başlayaraq, Ermənistan ərazisindən yüz minlərlə azərbaycanlının zorla çıxarılması və etnik təmizləməyə məruz qalmasıdır: "Həmin dəhşətli deportasiyalardan sonra Ermənistan ərazisində bir nəfər belə azərbaycanlı qalmamış, bu ərazilərdə xalqımızın qədim tarixi-mədəni, dini-mənəvi irsi, o cümlədən abidələr, məscidlər, qəbiristanlıqlar məhv edilmişdir. Tarixi ədalət bu insanların öz vətənlərinə dinc və təhlükəsiz qayıdışının təmin olunmasını tələb edir. Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır. Bu, bölgədə sülhün, barışığın və insan hüquqlarının bərqərar olması üçün vacib şərtdir".

 

Torpaqlar qəsb edilib, etnik təmizləmə aparılıb

 

Ermənistanın bu gün monoetnik dövlətə çevrilməsinin səbəbi XIX-XX əsrlərin müxtəlif dönəmlərində məqsədyönlü şəkildə buradan azərbaycanlıların deportasiya edilməsidir. Təkcə 1988-ci ildə Ermənistan ərazisindən 300 min azərbaycanlı qovulub.

Erməni şovinistləri azərbaycanlılara məxsus torpaqları qəsb edib, soydaşlarımıza qarşı etnik təmizləmə, soyqırımı siyasəti aparıblar. Erməni vandallar Qərbi Azərbaycanda maddi-mədəni irsimizə qarşı da soyqırımı siyasəti həyata keçiriblər. Tarixi torpaqlarımız İrəvana, Zəngəzura, Göyçə mahalına zorla yiyələnən ermənilər özlərinin guya buranın yerli xalqı olması görüntüsünü yaratmaq üçün o ərazilərdəki qədim toponimlərimizi hədəf alıblar. Yer adlarımızı dəyişdirib uydurma erməni adları qoyublar və ya türk dilində mövcud olan yer adlarını ermənicəyə çeviriblər. Vaxtilə İrəvan quberniyasında yüzlərlə məscid, onlarca mədrəsə olub. XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 300 məscidimiz qeydə alındığı halda, hazırda Ermənistan ərazisində - İrəvan şəhərində yalnız bir məscid - Göy məscid qismən salamat qalıb.

Qondarma Ermənistan dövlətinə rəhbərlik etmiş Levon Ter-Petrosyan hələ 1993-cü ildə bu faktı dilə gətirib, Ermənistanın və "Dağlıq Qarabağ"ın yad millətlərdən (azərbaycanlılardan. - red) tamamilə təmizləndiyini deyib: "Təsəvvür edin ki, əgər bu gün Ermənistanda 1988-ci ildə olduğu kimi, 180 min yad millətin nümayəndəsi olsaydı, bu gün bizim dövlətimiz olmazdı".

Petrosyan çıxışında hay hiyləgərliyi ilə bilərəkdən soydaşlarımızın statistikasını olduqca az deyib, amma bütün hallarda törətdikləri etnik təmizləməni etiraf edib.

Bütün bu faktlar ortada olduğu halda Ermənistan tərəfi qərbi azərbaycanlıların qayıdışı məsələsi ətrafında manipulyasiyalar edir. Guya bunu Azərbaycanın ərazi iddiası kimi təqdim edərək beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyir.

Lakin Bakı dəfələrlə bununla bağlı bəyan edib ki, qərbi azərbaycanlılar təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə tarixi yurdlarına dönəcəklər.

Qərbi Azərbaycan İcmasının yeni Nizamnaməsi artıq təsdiq olunub, Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların geriyə qayıtmasının təmin edilməsi ilə bağlı Qayıdış Konsepsiyası hazırlanıb.

Qərbi Azərbaycana qayıdış istiqaməti üzrə QHT-lər də fəallıq nümayiş etdirirlər. Hesabat dövründə Azərbaycan QHT-ləri beynəlxalq kürsülərdə - BMT-nin, ATƏT-in müxtəlif toplantılarında, xarici ölkələrdə bu mövzuda məsələlər qaldırıb, ictimai diskussiyalar açıb, yan tədbirlər təşkil etməyə nail olublar. Ümumilikdə bu tədbirlər ABŞ, Belçika, İspaniya, Rumıniya, Polşa, Türkiyə, Özbəkistan, Qazaxıstan kimi ölkələri əhatə edib. 

 

Ermənistan tərəfi Qərbi Azərbaycan İcması ilə dialoq aparmalıdır

 

İyunun 21-22-də İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasının yekununda bir sıra qərarlarla yanaşı, ilk dəfə olaraq Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul olunması da bu baxımdan mühüm əhəmiyyətə malikdir.

XİN-dən verilən məlumata görə, sessiyanın yekunlarına dair İstanbul Bəyannaməsi, habelə ölkəmizin təşəbbüsü ilə irəli sürülmüş 5 qətnamə qəbul edilib. Sessiya Qərbi Azərbaycan İcması ilə bağlı qətnamənin qəbul edilməsi ilə xüsusilə əlamətdar olub: "İƏT çərçivəsində ilk dəfə olaraq qəbul olunan "Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ" adlı qətnamədə İƏT üzvü ölkələrinin Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyi ifadə olunur, habelə Ermənistan tərəfindən sözügedən icmanın hüquqlarının inkar olunması qınanılır".

Bu il yanvarın 9-da Qərbi Azərbaycan İcmasının Ermənistan baş naziri Nikol Paşinyana cavab bəyanatında da qeyd olunub ki, Ermənistan Respublikası Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərinin xarakterindən asılı olmayaraq, qərbi azərbaycanlıların - indi Ermənistan adlanan ölkənin qanuni sakinlərinin qayıdışına qeyd-şərtsiz şərait yaratmalıdır: "Qayıdışa dair dialoqun süni şəkildə sülhdən sonraya saxlanması və yaxud qayıdışı dövlətlərarası dialoqla şərtləndirmək insan hüquqlarına ziddir və sülhün əldə edilməsinə xidmət etmir. Vurğulayaq ki, bu mövzuda əsas dialoq xətti Ermənistan hökuməti və Qərbi Azərbaycan İcması arasında aparılmalı olan formatdır".

İƏT Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasının İstanbul Bəyannaməsində də indiki Ermənistan ərazilərindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququnun mövcudluğu təsdiqlənir və Ermənistan tərəfinin Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır

Ancaq Ermənistanın qərbi azərbaycanlıların qayıdışını görməzdən gəlməsi və bu məsələnin həlli istiqamətində əməli addımlar atmaqdan yayınması heç bir halda reallıqları dəyişmir.

Gerçəklik isə odur ki, 1988-ci ildə monoetnik Ermənistan tərəfindən 300 min soydaşımız zorla tarixi torpaqlarından deportasiya edilib. 40 ilə yaxındır ki, qaçqınlıq bəlasına mübtəla olan, doğma yurd həsrəti ilə yaşayan bu soydaşlarımızın hüquqlarının bərpa edilməsi, beynəlxalq hüququn tələbi, zamanın çağırışıdır.

Heç şübhəsiz, Qərbi Azərbaycandan olan soydaşlarımız tezliklə tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Bununla ədalət də bərpa olunacaq.