Zəngəzur qədim Azərbaycan torpağıdır
Ədalət.-2021.-16 oktyabr.-№88.-S.5.
Zəngəzur qədim Azərbaycan torpağıdır
Əvəz Məhmud Lələdağ,
Sair, dramaturq. Publisist, SDU-nun müəllimi
Mən Qərbi Zəngəzurun Qarakilsə (Sisiyan) bölgəsində dünyaya göz açmışam. Bu bölgənin hər daşında, hər qayasında, hər qarış torpağında, suyu diş göynədən bulağında, zümrüd yamacında, uca dağlarında, dərin dərələrində, allı-güllü yaylaqlarında uşaqlığımın, gəncliyimin, cavanlığımın silinməz izi qalıb, yaddaşıma əbədi həkk olunub doğma kəndim, Ağdü Kənd həyatı çox maraqlı olur. Ot çalmaq, taya qurmaq, basma tökmək, gərmə kəsmək, qalaq hörmək, təzək yığmaq, yapma yapmaq, bostan sulamaq, dəni yuyub sərmək, qurutmaq, dəyirmanda üyüdüb un eləmək, qoyun-quzu nobatına (nöbəsinə getmək) kəndin qayğılarından sayılırdı. Artıq yaşım 90-na yaxınlaşır, Dünyaya sığmayan insan Vətənə sığır deyiblər. Çünki Vətən anadır. Dünyaya sığmayan ananın əl boyda qəlbinə sığır. Ona görə də Vətən mənim gözümdə dünyadan böyükdür, əzəmətlidir.
Biləyimdən yapışıb məni neçə-neçə sınaqlardan, təhlükədən keçirir Ana Vətən!. Qeyrət ucalığından itirdiklərimə baxmağa məcbur edir məni. Dağ ucalığından görünən ürəyimi riqqətə gətirən mənzərələrə tamaşa edəndə nələr itirdiyimi dərk edirəm. Şirin əfsanələr diyarı, başı bəlalar çəkən məşəqqətlərə düçar olan qədimlərdən qədim ağsaçlı Zəngəzurum! Uca dağlar, gen dərələr, sərin bulaqlar, yaşıl yaylaqlar, aylı gecələr, qədim xalçalar sənə necə gözəl yaraşır doğma yurdum. Sənin görkəmini, hər dərdini, hər qəmini, cırıldayan cəhrəni də, burnu əyri dəhrəni də, tuluğunu, nehrəni də tabağım təhnəni də, təzəni də, köhnəni də, hər daşım, hər quşunu, enişini, yoxuşunu ilmə-ilmə, naxış-naxış, çərək-çərək, misqal-misqal, qarış-qarış ürəyimə çəkmişəm, gözəl məkan.
Ağırlıq bilmərəm üstümdə dağı,
Olsa bir zərrəsi Vətən torpağı.
Burnumun ucu göynəyir .ürəyim nanə yarpağı tək əsir o yerlər üçün .Nələr qaldı o yerlərdə, ilahi! Göylərə baş çəkən dəniz səviyyəsindən 3552 metr hündürlükdə olan qocaman İşiqlıdağ. Onun haqqında deyilən əfsanəni hələ uşaq yaşlarımda eşitmişəm. Eşitmişəm ki, Nuhun gəmisi burda işıq görüb, torpaq görüb, “İşıq dağ”, - deyə seviniblər gəmidəkilər. Zaman keçdikcə bu dağın adı qalıb İşiqlıdağ. Amma üzdəniraq qonşularımız XX əsrin 60 cı illərində bu dağa “İşğansar” adı qoydular. İşıqlıdağın zirvəsində “Şəfa” piri var. Biz xoruzun birinci banında oraya yola düşərdik. Gün çırtlayanda piri ziyarət edərdik. Pirin yanında suyu göz yaşı kimi dumduru bir bulaq var. Oradan baxanda Naxçıvandan, Arazdan tutmuş hər yan ayağımızın altında qalardı. İşıqlıdağın cənub-şərqində Qanlıca, Hacalı, Üçtəpə, Yantəpə yaylaqları, Arpaçuxuru, Səmədölən Bozludərə, Abdalanlı gölü, Xəlilbulağı, elimizin - obamızın Xanım daşı, Göbəkdaş görünərdi. Bu daşdan şəfa umub elat camaatı .Uşağı olmayan qadınlar göbəklərini həmin daşa sürtərdilər, uşaqlan olardı.
Gözümüzü gəzdirdikcə İşıqlıdağın ətəyində Yalyurd, Buzovyal, Balabəy çuxuru, onun çiynində qədim Şükürbəyli qəbristanlığı və qəbirstanlıqda Qoçdaşlar üstündə qəflə - qatır şəkilləri ,ərəb əlifbası ilə yazılmış baş daşları bizə boylanırdı. Bir az da aşağı boylansaq, Kəndyeri. Maraldərəsi, Çınqıllı, Göyərçinlik, Kankan, Qırxbuğumluyal durardı gözümüzün qabağında. Cənub-qərbə doğru göz işlədikcə Niyazdüşən, Mikayıləkən, Məmmədalı gölü, Ağsaqqal çuxuru, Məşədiçınqıllısı, Asvarkahası, Mütəlimgölü, Arazdibək. Qaranlıqkaha, Qaraçılar, Quzukahası, Daşlı kaha, Beşgünlük, Əhmədlibəyi, Maldaş, Dostalı dərəsi, Qaraçınqıl, Arpa, Buğda təpələri açıq - aydın görünərdi. Arpa, Buğda təpələri haqda əfsanə eşitmişəm. Danışırdılar ki, bərəkəti tükənməyən bu torpaqda bir varlının ildə Buğda təpəsi qədər buğdası, Arpa təpəsi qədər arpası ,Qaraçınqıl qədər var-dövləti olarmış. Zülmü ərşə dayanan varlı rəiyyətin qarğışına tuş gəlir, günəş göydən od püskürür, arpa, buğda yanıb külə dönür, mal - dövlət daş olub Qaraçınqılı yaradır. Arpanın külü qapqara olduğu üçün Arpatəpəsi həndəvərinə Qaraqumsal deyirdilər. Həmin varlı deyirmiş: “Arpa təpə arpam oldu, Buğdatəpə buğdam oldu, Qaraçınqıl var - dövlətim. Lakin axırda arxam şələli aşdım dağları.
Arxacgüney, Camışölən ,Duzdər, Su quyusu .Qaragüney, Saçkahası, Qaybalıtəpəsi, Çobanəlləməsi, Çatallar, Qara molladin, Ağ duz, Ayaqçuxur, Mınx, Ağyal, Göyuçuq, İtuçan, Gicitkanlı, Buzduq, Çuxurbağ, Əzgənli, Qosakaha, Şapalaqgüney, Qarapir, Zoğallıbağ, Qoşadəyirman, Dəvəboynu. Sulutəpə, Qoşaoyuq. Suqovuşan. Ayılıq cənub tərəfindədir İşıqlıdağın.
Bir qədər şimal-qərbə doğru irəliləsən Qarnıyarıq, Əriməz. Əyriqar. Qızılboğaz, Qiyamadınlı. Ala göllər, Seyidsuyu, Qavlamabulaq. Palantökən, Çömçətəpə, Sutökülən. Bayramtəpəsi, Gəlinqayası görünər. Sonra da Bazarçay yaylaqları. Mərcanlı, Ağdaban .Babalar dərəsi, Mahmudlu, Leyliqaçan. Arxaşan. Qum arxası. Xanlar taxtası. Pəriçınqılı, Qotursuyu, Hacı Feyzulla, Hacı Fərhad bulaqları, Məlikər, Saybalıvə Şüküralı görünərdi. Həmin yaylaqlara 1950-ci illərə qədər Şükürbəyli, Rəsullu. Şahsevənli, Qiyamadınlı, Əhmədallar, Kürmahmudlu Xəlfəli. Korabazlar. Hacalımuradlı, Ovşar, Böyük Mərcanlı elat tərəkəmələri gələrdi. Aşağı, orta, yuxarı çada yolları qoyun sürülərini, at ilxılarını, dəvə qatarını tutmazdı. Qadınlar dəvələrin üstündə fərməşlərin arasında oturub yun darayar, cəhrə qurub, ip əyirərdilər. Yaylağa çatana qədər xalça-palaz üçün tədarük görürdülər. Quyruq doğan kimi dəvələr ağzı arana yatardılar. Camaat vaxt - vədəni bununla təyin edib yır - yığışa başlayar, barxanaları bağlayıb arana yola salardılar .
Əlini günlük edib gözünün üstünə qoysan, Qaçaq Nəbinin oylağı səfalı Salvartı yaylaqları diqqəti cəlb edərdi. Lalayurd, Qanqallı yurd, Çalbayır , Ərəfsə, Çomartlı. Qızılşəfəq (Şıxlar), Sofulu, Murğus, Dəstəyird, Ağ kənd (Hasavan), dulusçuluq sənəti ilə bağlı olan Dulus kəndləri, bir də 1918-ci ildə Andronik tərəfindən dağıdılıb viran qoyulmuş Qıvraq, Pusək, Hortuyuz, Zabazadır, Şukar, Ərikli, Pulkənd kəndlərinin kədərləri kalafalarını görmək olardı. Yaşlı nəslin yaddaşına hopmuş bu yer-yurd adları-toponimlər yer üzündə ziyakarlıqda, xəsislikdə, saxtakarlıqda, xəyanətdə analoqu olmayan haylar tərəfindən dəyişdirilmiş, erməniləşdirilmişidr. Sevindirici haldır ki, möhtərəm prezidentimiz İlham Əliyevin apardığı prinsipial və müdrik siyasətin nəticəsində həqiqət öz yerini tapır, saxtalaşdırılmış toponimlər, yaddaşlara hopmuş öz həqiqi mənalatı ilə əvəz olunur. Axı bu yerlər bizim kimliyimizin, tariximizin, mədəniyyətimizin canlı nümunələridir.
(ardı var)
