Azərbaycanlıların 1948-1953-cü illər deportasiyası necə baş verdi?
Türküstan.-2021.-30 mart-5 aprel.-№12.-S.12.
Azərbaycanlıların 1948-1953-cü illər deportasiyası necə baş verdi?
Katolikos VI Gevork və Ermənistan K(b)P MK-nın katibi Qr.Arutyunov “Böyük Ermənistan” xülyasında
Əziz Ələkbərli
(əvvəli ötən sayımızda)
“Azərbaycan K(b)P MK-nın katibi Bağırov yoldaşa
Ermənistan K(b)P MK-nın katibi Arutyunov yoldaş hazırda Azərbaycan SSR-nin tərkibində olan Dağlıq Qarabağ vilayətinin Ermənistan SSR-nin tərkibinə qatılması haqqında təklifi ÜİK(b)P MK-nın müzakirəsinə təqdim edib.
Arutyunov yoldaş öz məktubunda bu barədə aşağıdakıları yazır:
“Ermənistan ərazisinə bitişik olan Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü ildən Azərbaycan SSR-nin tərkibinə daxildir. Bu vilayətin əhalisi əsasən ermənilərdir. 153 min nəfər əhalidən 137 mini ermənidir.
Dağlıq Qarabağın kənd təsərrüfatı Ermənistanın dağlıq hissəsinin təsərrüfatı ilə eyniyyət təşeil edır. Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi onun inkişafına xeyli köməklik göstərər, təsərrüfata rəhbərlik işini yaxşılaşdırardı. Ermənistanın respublika orqanları tərəfindən rəhbərlik şəraitində əhaliyə ana dilində mədəni-kütləvi və siyasi xidmət işi daha da güclənərdi.
Dağlıq Qarabağ vilayətinin Ermənistanın tərkibinə qatılması yerli kadrlara Ermənistanın ali məktəblərində öz təhsillərini davam etdirməyə imkan verərdi. Digər tərəfdən, Ermənistan SSR Dağlıq Qarabağdan öz işgüzarlığı ilə seçilən milli kadrlar əldə edə bilərdi. Halbuki hazırda onlardan Azərbaycanda, təbii ki, tam istifadə olunması mümkün deyil.
Dağlıq Qarabağ əhalisinin bu istəyindən çıxış edərək, Ermənistan MK-sı və Xalq Komissarları Soveti Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətinin Qarabağ vilayəti şəklində Ermənistan SSR-nin tərkibinə qatılması təklifini ÜİK(b)P MK-nın və İttifaq Hökumətinin müzakirəsinə təqdim edir.
Bu məsələnin müsbət həlli halında Ermənistan MK-sı və Xalq Komissarları Soveti Qarabağın keçmiş mərkəzi olan və Sovet hakimiyyətinin qurulması ərəfəsində dağıdılmış Şuşa şəhərinin bərpası təklifi ilə Hökumətə müraciət edəcəkdir.”
Ermənistan K(b)P MK-nın təklifi ilə əlaqədar Sizin rəyinizi bilmək istərdik.
ÜİK(b)P MK katibi MALENKOV
NR 17, Moskva, 28.XI.1945-ci ii.“
Rəy üçün Azərbaycana göndərilən həmin məktuba G.Malenkova 10 dekabr 1945-ci il tarixli cavabında M.C.Bağırov o vaxt üçün çox risqli addım ataraq, “tam məxfi” qrifi ilə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu xatırladır və Dağlıq Qarabağın Ermənistana veriləcəyi təqdirdə Ermənistanda qalan Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının da Azərabycan SSR-in tərkibinə verilməsi məsələsinə baxılmalı olduğunu bildirir, üstəlik, Dərbənd, Borçalı bölgələrinin də Rusiya və Gürcüstandan alınıb Azərbaycana verilməli olduğuna işarə vurur.
M.C.Bağırovun həmin məktubunun tam mətnini təqdim edirik:
“Tam məxfidir
Malenkov yoldaşa
Ermənistan Kommunist (bolşeviklər) Partiyası MK-nın katibi Arutyunov yoldaşın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsi haqqında təklifi ilə əlaqədar Sizin teleqramınıza cavab olaraq məlumat verirəm:
Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi qədim zamanlardan, mərkəzi 1747-ci ildə Qarabağlı Pənah xan tərəfindən qala kimi tikdirilmiş Pənahabad şəhəri olan Qarabağ xanlığının tərkibində olmuşdur.
1826-cı ildə Qarabağ çar Rusiyasına birləşdirilmişdir. Sonralar indiki Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi Yelizavetpol quberniyasının Şuşa, Cavanşir, Qaryagin və Qubadlı qəzalarının tərkibində olmuşdur.
1918-1920-ci illərdə müsavatçıların Azərbaycanda və daşnakların Ermənistanda ağalığı dövründə müsavat hökuməti tərəfindən mərkəzi Şuşa (keçmiş Pənahabad) şəhəri olan general-quber- natorluq təşkil etmişdir.
Müsavatçılar və daşnaklar tərəfidən təşkil olunmuş millətləra- rası qırğının nəticəsində Azərbaycanın və Ermənistanın bir çox şəhərləri kimi Şuşa da dağıdılmış və xarabalığa çevrilmişdir.
1920-ci ildə Azərabycanda Sovet hakimiyyəti qurulduqdan sonra ilk dövrlərdə bütün Qarabağın təsərrüfat-siyasi həyatına rəhbərlik vahid Vilayət İnqilab Komitəsi tərəfindən həyata keçirilirdi.
1923-cü ildə Qarabağın əsasən ermənilərin məskunlaşdığı dağlıq hissəsinin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi qaldırıldı. Lakin bu ərazinin Ermənistan SSR ilə ümumi sərhədlərinin olmaması və Ermənistandan yalnız azərbaycanlıların yaşadığı Qubadlı, Laçın, Kəlbəcər və Dəstəfur rayonları ilə ayrılması səbəbindən, partiya orqanlarının göstərişi əsasında Azərbacan Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il tarixli dekreti ilə mərkəzi Xankəndi, indi Stepanakert adlanan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.
Beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ərazi cəhətdən heç vaxt Ermənistan SSR-ə bitişik olmamışdır və hazırda da bitişik deyildir.
Azərbaycanda Sovet hakimiyyəti illərində Dağlıq Qarabağda vilayətin təsərrüfat-siyasi və mədəni inkişafı sahəsində böyük işlər görülmüşdür. Bu inkişafın ən parlaq nümunələrindən biri - DQMV-nin hazırki mərkəzi Stepanakert şəhərinin başlı-başına buraxılmış və dağıdılmış bir kənddən Azərbaycanın ən gözəl, abad və mədəni şəhərlərindən birinə çevrilməsidir.
Azərbaycan SSR-nin bütün ali təhsil məktəbləri və texnikumları tələbələrinin 20,5%-ni əksəriyyəti Dağlıq Qarabağ Muxtar Vilayətindən olan ermənilər təşkil edir.
Respublikanın partiya, sovet, təsərrüfat rəhbərləri - Azərbaycan K(b)P MK-nın katibləri, müavinləri, xalq komissarları, xalq komissarları müavinləri və s. arasında Dağlıq Qarabağdan olan yoldaşlar da az deyildir.
Bununla belə, biz Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə qatılmasına etiraz etmirik, lakin Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olmasına baxmayaraq, hazırda da əsasən azərbaycanlıların yaşadığı Şuşa rayonunun Ermənistan SSR-ə verilməsinə razı deyilik.
Şuşa şəhəri bina edildiyi gündən Qarabağın inzibati-siyasi və mədəni mərkəzi olmaqla yanaşı, həm də Azərbaycan xalqının öz müstəqilliyi uğrunda İran işğalçıları ilə apardığı mübarizədə müstəsna rol oynamışdır.
Ən qaniçən fatehlərdən biri, Zaqafqaziya xalqlarının cəlladı Ağa Məhəmməd şah Qacar məhz Şuşada öldürülmüşdür.
Azərbaycan xalqının zəngin musiqi mədəniyyəti bu şəhərdə formalaşmışdır. İbrahim xan, Vaqif, Natəvan və digər bu kimi görkəmli siyasət və mədəniyyət xadimlərinin adları onunla bağlıdır.
Eyni zamanda, ÜİK(b)P MK-nın nəzərinə çatdırmağı zəruri hesab edirik ki, DQMV-nin Ermənistan SSR-in tərkibinə daxil edilməsi məsələsinə baxılarkən, Ermənistan SSR-nin Azərbaycan respublikasına bitişik olan və əsasən azərbaycanlıların yaşadığı Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərabycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır.
(ardı gələn sayımızda)
