Yaradılışından ləğvinə kimi İrəvan xanlığının 9 türk xanı - hanı ermənilər?
Bakı Xəbər. - 2023. - 15-17 aprel. - № 65. - S. 12.
Yaradılışından ləğvinə kimi İrəvan xanlığının 9 türk xanı - hanı ermənilər?
İradə Sarıyeva
Ermənilər yüz ildən çoxdur ki, Qərbi Azərbaycan ərazisində kütləvi şəkildə məskunlaşıblar (məskunlaşdırılıblar). Bu dövr ərzində bu toplum ərazilərimizi mənimsəmək üçün hər cür terror hadisələri, deportasiyalar, qətliamlar, saxtalaşdırma kampaniyaları həyata keçiriblər. Eləcə də, 1918-ci ildə paytaxt yaratmaqları üçün onlara verilən İrəvan şəhərinin tarixini də saxtaşdırmaqdan çəkinməyiblər.
Amma ermənilər nə qədər çalışsalar da, tarixdən gerçəklikləri silməyə nail olmayıblar. Köhnə İrəvanla, Qərbi Azərbaycanla bağlı bütün məlumatlar, mənbələr, məxəzlər ermənilərin əleyhinə işləyir, onların saxtalaşdırma hərəkətlərini iflasa uğradır. Dünyanın heç yerində obyektiv alimlər, sadə insanlar İrəvanı erməni şəhəri kimi tanıyıb qəbul etmir, ağlı başında olan adamlar bu şəhərin bir türk şəhəri olduğunu yaxşı bilirlər. Məlumdur ki, müasir İrəvan şəhərinin əsası orta əsrlər dövründə qoyulub və İrəvan xanlığının da 9 xanının hamısı Azərbaycan türkləri olub və adı bəlli türk soyların təmsilçiləri olaraq tanınıblar.
“İrəvanda izim qaldı” rubrikasında tarixi Azərbaycan şəhəri İrəvanın xanlarından danışacağıq ki, onların da arasında nəinki erməni, heç bir nəfər də olsun qeyri-türk yoxdur. Məlumdur ki, İrəvan xanlığı 1747-ci ildə yaradılıb və 1828-ci ildə Rusiya imperiyası tərəfindən süquta uğradılıb.
İrəvan xanlığının birinci xanı Mirmehdi xan Qasımlı-Əfşardır ki, o xanlığın əsasını qoyub. Yazılanlara görə, Fətəli xan Əfşar Azərbaycan və İran torpaqlarını ələ keçitmək uğrunda Kərim xan Zənd və Məhəmmədhəsən xan Qacara qarşı mübarizəyə başladığı zaman Azərbaycan hökmdarlarına müraciət edərək onları ittifaqa çağırdı. O, İrəvan xanlığına, yəni Mir Mehdi xana da müraciət etdi. Lakin Mir Mehdi xan rədd cavabı verdikdən sonra 1751-ci ilin sonunda müttəfiqi Azad xanı oraya göndərdi. Mir Mehdi xan Kartli hökmdarı olan II İrakliyə müraciət etdi. II İrakli ona Qazax və Borçalı azərbaycanlılarından ibarət olan qoşun göndərdi. Və beləliklə Mir Mehdi xan Azad xana qalib gəlmiş oldu. Mirmehdi xan özü də Əfşarlar sülaləsindən olub. Fətəli xan Əfşar tərəfindən Mir Mehdi Xanın devrilməsindən sonra Xəlil xan Özbək İrəvanın xanı təyin edilib. Həsənəli xan Qacarın başçılığı ilə üsyan qalxdı. Üsyan nəticəsində Xəlil xan hakimiyyətdən uzaqlaşdırılır, onun yerinə Həsənəli xan Qacar hakimiyyəti ələ keçirdi. İrəvanın üçüncü xanı Həsənəli xan Qacar olub. Həsənəli xan Xəlil xan oğlu 1755-ci ildə İrəvanın hakimi idi. O, xanlığa Azad xan Əfqanın yardımı ilə yiyələnmişdi. Bəzi qaynaqlarda göstərilir ki, 1755-ci ildə yerli feodallardan Həsənəli xan Ziyadlı-Qacar, Xəlil xan Özbəyi müdafiə edən Azad xanın İranda Kərim xan Zəndin yanında heç bir nüfuz sahibi olmamasından istifadə edib, İrəvanda saray çevrilişi edərək hakimiyyəti ələ aldı.
Həsənəli xan 1759-cu ilədək İrəvanın müstəqil hakimi olub. Həsənəli xanın Məhəmməd xan, Məhəmmədəli xan adlı oğulları vardı. Bu barədə Ə.Çingizoğlunun, F.Əliyevin, U.Həsənovun tədqiqatlarında qeyd edilir.
İrəvanın dördüncü xanı Hüseynəli xan Qacardır ki, onun xanlığı dövründə İrəvan çox inkişaf edib. İrəvan xanı Hüseynəli xan Qacar Osmanlı sultanının xüsusi fərmanla Anadolu vilayətlərinin bəylərbəyi gəriliyi titulu bəxş etdiyi dövlət xadimidir. Tədqiqatçılara görə, İrəvan xanlığında Həsənəli xan Qacarın ölümündən sonra hakimiyyətdə onu qardaşı Hüseynəli xan Qacar (1759/1760-1783-cü illər) əvəz etdi. Əgər İrəvan xanlığının yaranması Mirmehdi xan Əfşarın adı ilə bağlıdırsa, xanlığın güclənməsi də Hüseynəli xanın xidmətləri olub. Bunu tarixçilər yazır. Onlar qeyd edirlər ki, Hüseynəli xan daxili siyasətdə xanlığın iqtisadi cəhətdən möhkəmlənməsinə diqqət yetirirdisə, xarici siyasətdə İrəvanın tam müstəqilliyinə nail olmaq və qonşu dövlətlərlə sülh şəraitində yaşamaq siyasəti yeridirdi. Uzun illər hakimiyyət sürən Hüseynəli xan çox böyük işlər görüb. 1783-cü il noyabrın 9-da Hüseynəli xan Qacar xəslələnərək vəfat edib. Xanın vəsiyyətinə əsasən hakimiyyətə böyük oğlu, 15 yaşlı Qulaməli xan Qacar gəlib. Hüseynəli xanın ölümü xanlıqda vəziyyəti kəskinləşdirdi. II İrakli fürsətdən istifadə edərək öz qaynı Baqrationu qoşunla İrəvana göndərdi. Lakin İrəvana yaxınlaşan Baqration artıq Hüseynəli xanın böyük oğlu Qulaməli xanın taxta çıxdığını eşidərək hücumu davam etdirməyib geri döndü.
İrəvanın beşinci xanı Qulaməli xan Ziyadoğlu-Qacardır ki, taxta çıxdığı zaman ona qarşı üsyan olmuş, üsyan yatırılsa da, qısa müddət sonra sui-qəsd nəticəsində qətlə yetirilmişdir. Qars muhafızının İstanbula göndərdiyi hesabat görə, o, rus və gürcülər tərəfindən qətlə yetirilib. Qulaməli xanın qətlindən sonra hakimiyyətə Məhəmməd xan Ziyadlı-Qacar gəlib ki, o İrəvan xanlığının altıncı xanı olaraq tarixə düşüb. Qeyd edilənə görə, Məhəmməd xan Ziyadlı-Qacar Rus-Qacar müharibələrinin iştirakçısı, Abbas Mirzə Qovanlı-Qacarın şəxsi mühafizəsinin rəisi olub. Haqqında o qədər də məlumat yoxdur, bəzi müəlliflər belə hesab edirlər ki, Məhəmməd xan İrəvan xanı Hüseynəli xanın gürcü qızından olan oğlu, Qulaməli xanın isə ögey qardaşıdır. Məhəmməd xan Ziyadlı-Qacardan sonra Mehdiqulu xan Dəvəli-Qacar hakimiyyətə gəlib. İrəvanın yeddinci xanı barədə yazılır ki, 1805-ci il iyununda İrəvana hakim təyin edildi. Yeni İrəvan hakimi Qacar soyundan olmaqla bərabər Fətəli şah Qacarın qohumu və sevimli sərkərdələrindən biri idi.Onun dövründə müharibə nəticəsində xanlığın kənd təsərrüfatı dağıldığından yerli əhali xanın bu ağır tələblərini yerinə yetirmək iqtidarında deyildi. Mehdiqulu xanın əlavə vergi yığması və ərzaq tələb etməsi İrəvan əhalisinin narazılığına gətirib çıxardı. Mehdiqulu xanın İrəvanda apardığı siyasətdən şah özü də narazı idi. Çünki o, öz siyasəti ilə xalqın rus qoşununa rəğbət bəsləməsinə səbəb olmuşdu. Digər tərəfdən, rus qoşunlarına qarşı müvəffəqiyyətsiz mübarizə Mehdiqulu xanı tamamilə nüfuzdan salmışdı. 1806-cı il iyulun 23-də Şörəyeldə rus qoşununa qarşıd öyüşdə Mehdiqulu xanın qoşununun məğlubiyyətə uğramasından hiddətlənən Fətəli şah qəti tədbirlər görməyə məcbur oldu. Avqustun əvvəllərində Mehdiqulu xan İrəvandan geri çağırıldı. Beləliklə, İrəvanada 1 il 1 ay hakimiyyətdə olmuş Mehdiqulu xan Tehrana qayıtdı.
Mehdiqulu xan İrəvanda hakimiyyətdən götürülərək, şahın digər qohumu marağalı Əhməd xan Müqəddəmə ilə əvəz olundu. Yeni hakim ilk olaraq oğlunu 1000 nəfərlik qoşunla İrəvana göndərdi. Lakin Mehdiqulu xan onu İrəvana buraxmaq istəməmişdi. Bu xəbəri eşidən Əhməd xan şahın göstərişi ilə avqust ayının əvvəllərində 500 süvari və 4 topla Təbrizdən İrəvana doğru hərəkət etdi. Əlacsız qalan Mehdiqulu xanın şahın əmrinətabe olmaqdan başqa çıxışyolu qalmadı. Beləliklə, 1806-cı ilin avqustunda marağalı Əhməd xan İrəvan hakimliyinə başladı. Qısa müddətdə xanlığı idarə edən səkkizinci xan Əhməd xan Müqəddəm əslən Marağadan idi və Marağanın da xanı olub.
Sonuncu, doqquzuncu İrəvan xanı isə Hüseynqulu xan Sərdar olub. O, 1806-cı ildən 1827-ci ilə, yəni rus işğalına qədər İrəvanda xanlıq edib. Tarixçilər yazırlar ki, Hüseynqulu xan Qovanlı-Qacar və ya Hüseynqulu xan Sərdar (1742-1831) Azərbaycan sərkərdəsi, siyasi xadim, İrəvan xanı kimi tariximizdə özünəməxsus yer tutur. Qacarların Qovanlı tayfasına mənsub olub. Bəzən Qəzvini adından istifadə etməsinə görə onun Qəzvində doğulduğu ehtimal edilir. Atası Məhəmməd xan Qacar məşhur sərkərdə olub. Tarixi mənbələrdə Hüseynqulu xanın adı ilk dəfə Şirazda sarayın üzvü kimi xatırlanır, O, burada qullarağası kimi fəaliyyət göstərmişdir. Hüseynqulu xan Fətəli şahın etibarlı sərkərdələrindən olmuşdur. Fətəli şahın hakimiyyəti dövründə Qəzvin ilə Tehran arasındakı yolun mühafizəsinə rəhbərlik etmişdir. Sonra isə Xorasanın sərhəd qoşunlarının komandanı təyin edilmişdir.
Hüseyqnulu xanın Qacar şah sarayı ilə qohumluq əlaqələri də vardı. Belə ki, Fətəli şah Hüseynqulu xanın bacısı ilə evlənmişdir. Habelə, vəliəhd Abbas mirzənin qızı Hüseynqulu xanın oğlu Məhəmməd ilə evlənmişdir. I Rusiya-Qacar müharibəsi zamanı Qacar sarayının etibarlı sərkərdələrindən olan, İrəvan xanı Əhməd xan Müqəddəmin ölümündən sonra 1806-cı ildə Fətəli şah İrəvana yeni xan kimi Hüseynqulu xanı təyin etdi. İvan Şopen bu haqda yazırdı: "...nəhayət şah sarayı İrəvana sərhəd qoşun başçılarından biri Hüseynqulu xan Qacarı ildə 600 tümən, eyni zamanda xərcləri üçün xanlığın vergisindən 6000 tümən məvacib verərək onu sərdar təyin etdi. Hüseynqulu xan özünün bacarığı və cəsurluğu ilə aşağı rütbədən bu vəzifəyə yüksəlmişdi". Əlimizdəki faktlar, yazılanlar aydın göstərir ki, İrəvanda rus işğalına qədər bir nəfər də olsun qeyri-türk hakimiyyətdə olmayıb və İrəvan xanlarının hamısı Azərbaycan türkü olub. Qacarlar, Əfşarlar və başqa türk sülalələrinin nümayəndələri olan bu şəxsiyyətlər İrəvanın həyatında müstəsna rol oynayıblar. İrəvana, Qərbi Azərbaycana ermənilər rus işğalından sonra kütləvi olaraq kğçürülüb, ona qədər İrəvanda ermənin izi yox idi...
