Qərbi Azərbaycan

Salam, Qərbi Zəngəzur!

İki sahil.-2021.-16 dekabr.-№230.-S.6.

 

Salam, Qərbi Zəngəzur!

 

Mahir Rəsuloğlu

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçikanın paytaxtı Brüssel şəhərində NATO-nun Baş katibi Yens Stoltenberq və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə keçirdiyi görüşlər bir daha göstərdi ki, Zəngəzur dəhlizinin açılması həllini tapmış məsələdir və Avropanın aparıcı dövlətləri və təşkilatları bu layihəni, bununla da ölkəmizin haqlı mövqeyini dəstəkləyirlər. Artıq dünya ictimaiyyəti 44 gün davam edən və şanlı Qələbəmizlə başa çatan Vətən müharibəsinin nəticələrini qəbul edir, Qarabağ münaqişəsi keçmişdə qalıb və indi postmüharibə dövrünün reallıqları, iki ölkə arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması, dayanıqlı sülhün təmin olunması kimi məsələlər müzakirə mövzusudur. Səfəri çərçivəsində İspaniyanın “El Pais” nəşrinə müsahibə verən Azərbaycan Prezidenti qəti şəkildə qeyd etdi ki, Qarabağın statusu barədə hər hansı müzakirəyə dönüş yoxdur, Dağlıq Qarabağ münaqişəsi bitib: “Azərbaycanın mövqeyi açıq-aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibədə zəfər çaldıq, biz qalibik. Bu reallığı nəzərə almaq lazımdır. Ermənistan istənilən düşmənçilik hərəkətindən, ərazi iddialarından çəkinməli və sülh sazişi üzərində çalışmalıdır.”

Dövlətimizin başçısı NATO-nun Baş katibi ilə görüş sonrası keçirilən mətbuat konfransında Zəngəzur dəhlizi ilə bağlı bildirdi ki, regionda bu kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda öz əksini tapıb və beləliklə, bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir: “Baxmayaraq ki, bir ildən çox vaxt ərzində irəliləmək asan olmayıb, bu mərhələdə biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu əlaqəsinin tikintisi ilə bağlı razılıq, həmçinin magistral yol inşasına dair razılıq əldə etmişik.”

Prezident İlham Əliyev ciddi müzakirələrə rəvac verən Zəngəzur dəhlizinin hüquqi rejimi ilə bağlı da konkret mövqe ortaya qoydu və bəyan etdi ki, o, Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir: “Bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması.”

Beləliklə, Ermənistan hər ikisi Azərbaycan üçün məqbul olan variantlardan birini seçmək məcburiyyətindədir. Əslində, Zəngəzur dəhlizinin reallaşması, kommunikasiyaların açılması elə düşmən ölkəni də düşdüyü ağır sosial-iqtisadi böhrandan çıxaracaq yeganə çıxış yoludur. Regional nəqliyyat əlaqələrinin inteqrasiyası həqiqətən də region üçün böyük imkandır. Dövlətimizin başçısı bununla bağlı bəyan edib ki, Zəngəzur dəhlizi təkcə bizim Naxçıvan Muxtar Respublikasına çıxış əldə etməyimiz üçün deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür: “Bununla Ermənistan, həmçinin Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir. Bu gün onların belə bir dəmir yolu əlaqəsi yoxdur. Bu, regionda həqiqətən müsbət ab-hava yarada bilər və bu hər kəsin xeyrinə olacaqdır. Hesab edirəm ki, bu imkanların düzgün dəyərləndirilməsi dinc gələcəyimizin planlaşdırılması baxımından olduqca vacibdir.”

Cənubi Qafqaz regionunda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ də dəstəyini bir daha ifadə edib. Aİ Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair yaydığı bəyanatda bildirilir ki, təmsil etdiyi qurumun iqtisadi-investisiya resursları vasitəsilə bu layihələr dəstəklənəcək.

Qeyd edək ki, bəyanatda dəmir yol xəttinin çəkilişi xüsusi olaraq qeyd olunub. Bu, Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilişini nəzərdə tutur. Həmçinin dəmir yolunda gömrük və sərhəd nəzarətinin qarşılıqlıq prinsipi əsasında təşkil olunacağı vurğulanıb ki, bununla da Azərbaycanın dəhlizə dair haqlı mövqeyi bir daha təsdiqlənib.

Xatırladaq ki, üçtərəfli görüşdə Azərbaycan və Ermənistan arasında kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib və bildirib ki, yolun çəkilişinə tezliklə start verəcək. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.

Dövlət başçımızın Brüssel səfəri zamanı keçirdiyi görüşlər və əldə edilmiş razılaşmalar Zəngəzur dəhlizinin açılması, regionun gələcək inkişafı və uzun illər davam edən düşmənçiliyə son qoyaraq sülhə, mehriban qonşuluq münasibətlərinə nail olunması yolunda atılmış mühüm addımdır. Bütün bu tarixi hadisələr isə məhz Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, əzmi, yürütdüyü uğurlu siyasət nəticəsində reallaşır. Nəyi nə zaman və necə etmək lazım olduğunu yaxşı bilən Müzəffər Ali Baş Komandanımız bu dəfə də dediyi sözü tutdu və biz Qərbi Zəngəzura da qayıdırıq!