Qərbi Azərbaycan

İrəvan qalası

İrəvan qalası

İrəvan qalası haqqında ilkin yazılı məlumat Səfəvilər dövrünə aiddir. 1502-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayılın qoşunları Qaraqoyunlu əmirləri üzərində qələbə çalaraq İrəvan şəhərini ələ keçirmişdir. XVII əsrin 40-cı illərində Cənubi Qafqazda səfərdə olmuş məşhur türk səyyahı və coğrafiyaşünası Evliya Çələbi yazır ki, Şah İsmayıl hicri 915-ci ildə (1509-1510) qala salınması barədə öz vəziri Rəvanqulu xana göstəriş vermiş, o da öz növbəsində 7 ilə qalanı tikdirərək adını “Rəvan” qoymuşdur .

1514-cü ildə Səfəvi hökmdarı Şah İsmayılla Osmanlı hökmdarı Sultan Səlim arasında Çaldıranda gedən döyüşdən sonra Səfəvilərin məğlubiyyəti nəticəsində İrəvan qalası türklərin əlinə keçir və 7 il osmanlıların hakimiyyəti altında qalır. İrəvan qalası səfəvilərlə osmanlılar arasında gedən müharibələrdə 14 dəfə əldən-ələ keçmişdir.

Fransız səyyahı Jan Tavernye 1655-ci ildə İrəvanda olmuşdur. 1682-ci ildə yol qeydlərinə əsasən yazdığı kitabında Tavernye İrəvan şəhərini və qalasını təsvir etmiş, şəhərin planını öz əsərinə daxil etmişdir.

1673-cü ildə İrəvanda olmuş fransız səyyahı və kolleksioneri Jan Şardən İrəvan qalasını belə təsvir etmişdir: “Qala kiçik bir şəhərdən böyükdür. O, oval formadadır, dairəsi dörd min addım olub, təxminən səkkiz yüz evdən ibarətdir. Orada ancaq təmizqanlı səfəvilər yaşayırlar... Qalanın müdafiəsi üçün üç min əsgər ayrılmışdır. Hakimin sarayı qalanın içərisindədir... Qalanın şimal tərəfində təpədə kiçik bir qala da vardır. Aralarındakı məsafə min addım olar. O, ikiqat divarla və artilleriya ilə möhkəmləndirilmişdir. Orada iki yüz adam yerləşə bilər. Onun adı Keçi qalasıdır” .

Avropa və Rusiya səyyahlarından Moritz fon Kotzebue, Avqust fon Hakshauzen, Ceyms Morier, Dübua de Monpere, Henri Linç və başqaları öz əsərlərində İrəvan qalasını təsvir etmişlər.

1804-cü ildə rus qoşunlarının İrəvan qalasına ilk hücumu nəticəsiz qalmışdı.

İrəvan xanı Hüseynqulu xan Qacar İrəvan qalasını 1807-ci ildə fransız mühəndislərinin iştirakı ilə daha da möhkəmləndirilməsinə nail olmuşdu. İrəvan qalasında toptökmə və barıt zavodları inşa edilmiş, əlavə qoşun hissələri toplanmış, qala divarları möhkəmləndirilmişdi.

Rus qoşunlarının İrəvan qalası üzərinə ikinci hücumu da 1808-ci il sentyabrında uğursuzluqla nəticələnmişdi. 

1827-ci il oktyabrın 1-də rus qoşunları əvvəlcə qalanın cənub-qərb qülləsini ələ keçirmiş, sonra isə qalanın şimal darvazasını sındıraraq qalaya daxil olmuşdu.

İrəvan qalası uzunluğu 850 m, eni 790 m olmaqla təqribən kvadrat formasında olub, 7 ha ərazini əhatə etmişdir. İkiqat qala divarlarının hündürlüyü 10,5-12 m idi. Qalanın birqat divarı isə Zəngi çayının divarlarını yuduğu qayalıq üstündən keçirdi. 

İşğaldan sonra İrəvan qalası dövlət mülkiyyəti elan edilmişdi.

İrəvan qalası 1864-cü il martın 12-dək hərbi-istehkam qalası statusunu saxlamışdır. Qala rəsmən buraxıldıqdan sonra onun divarlarının, qüllələrinin daşlarını ətrafda yaşan ermənilər söküb aparmışlar. 1880-ci illərdən etibarən isə bir-birinin ardınca qalanın içərisindəki tikililər və müdafiə qurğuları yoxa çıxmışdır.

Hazırda İrəvan şəhər tarix muzeyində müasir erməni memarları tərəfindən hazırlanmış İrəvan qalasının maketi nümayiş etdirilir.