Qərbi Azərbaycan

Həbib Həsənov

Həbib Həsənov

Həbib Rəhimoğlu Həsənov 1922-ci ilin avqustun 5-də Ermənistan SSR Göyçə mahalının Ağzıbir kəndində anadan olmuşdur.

1941-ci ildən Əzizbəyov rayonunda kənd məktəbinin müəllimi, sonralar isə direktoru işləmişdir.

1947-ci ildən Moskvada Ali Partiya Məktəbinin müdavimi, Ermənistanın Əzizbəyov rayonu partiya komitəsinin şöbə müdiri, Eçmiədzin partiya komitəsinin ikinci katibi, Amasiya rayonunun birinci katibi (1956–1960) vəzifələrində işləmişdir.

1961-1974-cü illərdə “Sovet Ermənistanı” qəzeti Həbib Həsənovun redaktorluğu ilə nəşr olunmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdur. Həbib Həsənov qardaşı, filologiya elmləri namizədi, İrəvan Pedaqoji İnstitutunun filologiya fakültəsinin müəllimi Mehdi Həsənovun erməni şovinistləri tərəfindən öldürülməsindən (kor bağırsaq əməliyyatından) sonra İrəvanı tərk edərək Bakıda məskunlaşmışdır.

1974-cü ildən Azərbaycnın Tovuz rayonu partiya komitəsinin birinci katibi, 1980-ci ildən Azərbaycan SSR Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədri, 1981–1988-ci illərdə meşə təsərrüfatı naziri vəzifələrində çalışmışdır.

5 dəfə Ermənistan SSR Ali Sovetinin, 3 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

Həbib Həsənovun 1997-ci ildə Bakıda nəşr olunmuş “Silinməz adlar, sağalmaz yaralar” adlı kitabında hazırda Ermənistan Respublikası adlandırılan qədim Oğuz yurdunda – Qərbi Azərbaycanda son 200 ildən artıq bir dövrdə ermənilərin soydaşlarımızın başına gətirdikləri faciələrdən, deportasiyalardan, soyqırımlardan, bəhs edilir.

Həbib Həsənov 2004-cü ildə Bakıda vəfat etmişdir.