Qərbi Azərbaycan

"Lək-lək"dən "Vedibasara" Qərbi Azərbaycan salnaməsi

Vedibasar. - 2023.- 01-30 noyabr. - № 21-22. - S. 2-3

 

"Lək-lək"dən "Vedibasara" Qərbi Azərbaycan salnaməsi

 

Nazim Mustafa

Tarix üzrə fəlsəfə doktoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü

 

XIX əsrin sonları, XX əsrin əvvəllərində Cənubi Qafqazda Azərbaycan dilində nəşr edilən mətbuatın sıralarının genişlənməsi İrəvanda da mətbuata olan marağın artmasına səbəb olmuşdu.

İrəvanda Azərbaycan dilində ilk mətbuat çar Rusiyası dövründə işıq üzü görmüşdür. 1918-1920-ci illərdə İrəvan quberniyası ərazisində ilk erməni dövləti - Ermənistan (Ararat) Respublikasının mövcudluğu dövründə İrəvanda Azərbaycan dilində mətbuat nəşr olunmamışdır. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra, 1921-ci ildən etibarən müəyyən fasilələrlə İrəvanda Azərbaycan dilində qəzet çap olunmuşdur. Ona görə də İrəvanda Azərbaycan dilində nəşr olunan mətbu orqanlarının tarixini iki mərhələyə bölmək olar: Çar Rusiyası dövrü və Sovet hakimiyyəti dövrü.

İrəvanda 1911-1912-ci illərdə və 1914-cü ildə “Grivanskiy vestnik” (“İrəvan xəbərləri”) qəzeti nəşr olunmuşdur. Faydalı Biliklərin Yayılması üzrə İrəvan Cəmiyyətinin orqanı olan bu gündəlik qəzet “İctimai-ədəbi qəzet” rubrikası altında üç dildə - rus, tatar (Azərbaycan) və erməni dilində məqalələr dərc edirdi.

İrəvan şəhərində Azərbaycan dilində ilk mətbu orqanı “Lək-lək” (Leylək”) adlı satirik məcmuə olmuşdur. İrəvan ziyalılarından Mirməhəmməd Mirfətullayev və Cabbar Əsgərzadə İrəvan qubernatorunun 21 yanvar 1914-cü il tarixdə onlara verdiyi icazəyə əsasən həmin il fevralın 22-də “Lək-lək”in ilk nömrəsini buraxmışdılar. İrəvandakı “Luys” (“İşıq”) mətbəəsində həftədə bir dəfə 8 səhifə həcmində nəşr edilən “Lək-lək”in hər nömrəsində başlığının altında “Lək-lək” türk dilində həftəlik məzhəkəli məcmuədir” sözləri yazılırdı. Məcmuənin ilk nömrəsində verilən “Baş məqalə”də və irəvanlılara ünvanlanan “Lək-lək”in salamı” şeirində “Ləllək” öz məsləyini “Molla Nəsrəddin” sayağı bəyan etmişdir. Elə jurnalın ilk nömrəsindən başlayaraq İrəvanın ictimai-siyasi həyatındakı eybəcərliklər, xalqın balalarının məktəbdən, təhsildən uzaq qalması, xalqı avam yerinə qoyan “möminlərin” din pərdəsi altında çıxardıqları hoqqalar, satirik dillə oxuculara çatdırılırdı. Jurnalın səhifələrindəki tənqidi yazılar “Lək-lək”, “Hərif”, “Kələmbaş”, “Şeytan”, Yetim cücə”, “Kefli”, Şərxəta”, “Dul toyuq” “Naqqal”,

“Məlik Naqqal”, “Bayquş”, “Hərdəmxəyal”, “Palazqulaq”, “Məhkəmə pişiyi”, “Həpənd” və s. kimi imzalarla təqdim edilirdi. Bu imzalardan bir çoxuna “Molla Nəsrəddin”in səhifələrində də rast gəlinmişdir. “Hərdəmxəyal” gizli imzası Məmməd Səid Ordubadiyə, “Məlik Naqqal” imzası Əliqulu Qəmküsara, “Şeytan” və “Dul toyuq” imzaları isə Məmmədəli Nasirə məxsus idi.

Jurnalın səhifələrində İrəvan şəhəri ilə yanaşı, Bakıdan, Tiflisdən, Naxçıvandan, Ordubaddan, Makudan, Təbrizdən alınan xəbərlər satira janrında oxuculara çatdırılırdı. “Lək-lək” xarici ölkələrdə baş verən prosesləri ibrətamiz şəkildə oxucularına çatdırmaqla, onlarda milli özünüdərk prosesinə xeyli təkan vermişdi. Məcmuənin səhifələrində İrəvandakı Müsəlman Xeyriyyə Cəmiyyətinin fəaliyyəti tez-tez işıqlandırılır, cəmiyyət üzvləri arasında olan narazılıqların təhsilin və mədəniyyətin inkişafına maneçilik törətməsi dolayısı ilə oxucuların nəzərinə çatdırılırdı.

“Lək-lək”in maddi vəziyyətinin ağır olması İrəvanlı gəncləri də narahat edirdi. Jurnalın redaksiyasına maddi köməklik göstərmək məqsədilə İrəvanlı gənclərin bir qrupu Azad adlı birisinin rəhbərliyi ilə teatr tamaşası vermişdilər. Lakin görünür, bu yolla jurnalı xilas etmək mümkün olmamışdı.

Cəmisi 12 nömrəsi işıq üzü görən məcmuənin 30 iyun 1914-cü il tarixli sonuncu nömrəsində “Lək-lək”in müdir və naşirləri M. Mirfətullayev və C. Əsgərzadənin imzası ilə oxuculara müraciət dərc olunub. Müraciətdə “Lək-lək”in qapanacağını, əvəzində müştərilərinə “Çınqı” adında yeni məcmuənin göndəriləcəyi bildirilirdi. Həmçinin qeyd edilirdi ki, “Çınqı” məcmuəsi Əli Məhzun Hacı Zeynalabdinzadə və Cabbar Əsgərzadənin birgə redaktorluğu və müdirliyi ilə, İrəvanın bir neçə maarifpərvər gənclərinin maddi və mənəvi köməyi ilə nəşr olunacaq. Lakin indiyədək İrəvanda “Çınqı” adında məcmuənin işıq üzü görməsinə dair hər hansı məlumata rast gəlinməyib.

“Lək-lək” məcmuəsinin bağlanmasından 1916-cı ilin sonunadək keçən müddət ərzində İrəvanda Azərbaycan dilində hər hansı bir mətbuat orqanının işıq üzü görməsi haqqında heç bir məlumat yoxdur.

Uzun yazışmalardan sonra tanınmış mollanəsrəddinçi, şair, publisist Əli Məhzunun müdir və redaktorluğu və İrəvanın nüfuzlu ziyalılarından Həsən Mirzəzadə Əliyevin naşirliyi ilə 1917-ci il yanvarın 1-də “Bürhani-həqiqət” məcmuəsi işıq üzü görmüşdür. “Bürhan” kəlməsi ərəbcədir və mənası dəlil, sübut, isbat deməkdir. “Bürhani-həqiqət” birinci sayında “Həqiqət” adlı redaksiya məqaləsində məcmuənin adı ilə əməlinin üst-üstə düşdüyünü gələcək nömrələrində oxucularına sübut edəcəyini bəyan etmişdi. İstiqaməti ədəbi, siyasi, tarixi, elmi və fənni olan “Bürhani-həqiqət”in işıq üzü görməsi İrəvanın ictimai-siyasi həyatında, ədəbi mühitində mühüm hadisə idi. İrəvandakı “Luys” mətbəəsində ayda iki dəfə nəşr edilən məcmuənin cəmisi 9 nömrəsi işıq üzü görmüşdür. Əli Məhzun İrəvan şəhərində yaşayan müxtəlif ixtisaslı ziyalıları, İrəvan Müəllimlər Seminariyasının tələbələrini xalqın maarifləndirilməsi üçün məcmuə ilə əməkdaşlığa cəlb etmişdi. Tanınmış mollanəsrəddinçi Cabbar Əsgərzadə (Aciz), fars və rus dillərində dərsliklər müəllifi Mirzə Cabbar Məmmədov, təbiət elmləri və təbabət mövzusunda məqalələr yazan ziyalılardan Rəhim Naci, Vahid Muğanlı və Təhvil İrəvani, şairə xanımlardan Şöhrət, Nigar, Səri, Əbdülhəqq Mehrinisə, Fatma Müfidə, Rəmziyyə kimi qələm sahibləri “Bürhani-həqiəti”in müəllifləri idilər.

“Bürhani-həqiqət” öz oxucusunu cəhalət zülmündən xilas etməklə yanaşı, baş verən hadisələri həqiqətin dili ilə izah etmək, ayrı-ayrı partiyaların və qurumların əsl məqsədini kütlələrə izah etmək, qətl və qarətlərin, kütləvi qırğınların arxasında duran qüvvələri göstərmək, ermənilərin İrəvandakı maddi-mədəniyyət abidələrimizin tarixini saxtalaşdırmaq cəhdlərinin qarşısını almaq kimi bir missiyalar da daşıyırdı.

1917-ci il fevral inqilabından sonra “Bürhani-həqiqət” məcmuəsi “Hürriyyət, müsavat, ədalət” başlıqlı məqalə dərc edərək yazırdı ki, azadlığı qazanmaq nə qədər çətindirsə, onu əldə saxlamaq ondan da çətindir. Məcmuə azərbaycanlı seçiciləri seçki prosesinə ciddi yanaşmağa, öz aralarından layiqli nümayəndələr seçməyə çağırırdı.

İrəvanda Azərbaycan mətbuat tarixinin ilk tədqiqatçısı İsrafil Məmmədovun da qeyd etdiyi kimi, 1920-ci ildə İrəvanda azərbaycanlılara qarşı soyqırımı həyata keçirildiyi dövrdə Azərbaycan dilində qəzet nəşr etdirmək mümkün deyildi. İrəvan Müsəlman Milli Şurası 1918-ci ilin mayından daşnakların hakimiyyətə gəlməsinədək aktiv fəaliyyət göstərdiyindən, “Cavanlar şurasının 1917-ci ilin ikinci yarısı, 1918-ci ilin birinci yarısına qədər nəşr edildiyini təxmin etmək olar.

1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulduqdan az bir müddət sonra yenidən öz yer-yurdlarına qayıdıb gələn azərbaycanlı əhalinin mərkəzi hakimiyyət orqanlarında təmsilçiliyi məsələsi gündəliyə gəlmişdi. İlk dövrlərdə Ermənistana rəhbər kadrlar Azərbaycandan göndərilirdi. 1921-ci ilin yanvarın ortalarında Azərbaycan İnqilab Komitəsinin zəmanəti ilə rəhbər vəzifə tutmaq üçün Süleyman Nuri adında şəxs Ermənistan İnqilab Komitəsinin sərəncamına göndərilmişdi. 1895-ci ildə İstanbulda doğulan Süleyman Nuri hərbi məktəbi bitirdikdən sonra 1917-cı ilin fevralında Sarıqamış cəbhəsində ruslara əsir düşmüş, 6 ay Nargin adasında həbsdə saxlanılmışdı. Nargin adasında ikən bolşeviklərlə əlaqə quran Süleyman Nuri, daha sonra Mustafa Sübhinin başçılıq etdiyi Türkiyə Kommunist Partiyasının sıralarına daxil olmuş, 1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq xalqlarının I qurultayının təşkilatçılarından olmuşdu. 1921-ci il yanvarın ortalarında Ermənistan Hərbi-İnqilab Komitəsinin üzvü sifətilə İrəvana göndərilən Süleyman Nuri Ermənistan Xalq Komissarları Şurasının qərarı ilə Xalq Ədliyyə komissarı və Ali Məhkəmənin sədri təyin edilir. Süleyman Nuri xatirələrində yazır ki, o, eyni zamanda, tərkibi İrəvan şəhərində yaşayan yerli türklərdən təşkil edilmiş kommunist özəklərinin yaradılması ilə məşğul olmuşdur. Süleyman Nuri yazır”... təklifim əsasında Ermənistan Kommunist Partiyası mərkəzi Komitəsi Bakıya məktub göndərmiş, qəzetəçi Semih Hüseyn adında bir yoldaş redaktor olaraq İrəvana dəvət edilmiş və İrəvanda yerli türklərin dilində çıxan bu qəzetin yayınları daha verimli hala gəlmişdir.” Çox ehtimal ki, Bakıdan qəzet redaktoru kimi İrəvana dəvət edilən Semih Hüseyn elə Süleyman Nurinin bəhs etdiyi həmin şəxs olmuşdur. Belə qənaət hasil olur ki, bəzi tədqiqatçıların “Kommunist”in redaktorunun Həmid Qənizadə adlı şəxsin olması haqqında irəli sürdükləri fikir yanlışdır. Həmid Qənizadə “Kommunist”in deyil, 1921-ci ilin ikinci yarısından nəşr edilən “Rəncbər” qəzetinin redaktoru olmuşdur. 1921-ci il fevralın ikinci yarısında daşnaklar qiyam qaldıraraq Ermənistanda sovet hakimiyyətini yıxmış, İrəvan şəhəri daşnakların əlinə keçmişdi. Bununla da “Kommunist” qəzeti öz fəaliyyətini dayandırmışdı.

1922-ci ilin iyul ayında Qazax qəzasının Çaykənd kəndindən olan (sonralar Ermənistan SSR-in Krasnoselsk rayonuna daxil olan kənd) Bala Əfəndiyev xalq daxili işlər komissarının müavini vəzifəsinə təyin edilmişdi. Bala Əfəndiyev 1924-cü ilin yanvarından Ermənistan KP MK-nın azlıqda qalan millətlər arasında iş şöbəsinin müdiri vəzifəsində işləməklə yanaşı, Ermənistan KP MK-nın və İrəvan şəhər Partiya Komitəsinin orqanı olan “Rəncbər”, sonra isə “Zəngi” qəzetinin redaktoru olmuşdu. Bala Əfəndiyev 1927-ci ildən 1928-ci ilin sonunadək Ermənistan SSR xalq ictimai təminat komissarı vəzifəsində işləmişdi. Bala Əfəndiyevin xanımı Fatma Əfəndiyeva da ictimai-siyasi işlərdə fəal iştirak edirdi. O, “Rəncbər” qəzetinin ilk qadın müxbiri olmaqla yanaşı, İrəvanda azərbaycanlı qadınlar üçün təşkil edilmiş Qadınlar klubunun rəhbərlərindən biri olmuşdu. Əvvəlcə 500, sonra isə 1000 nüsxə ilə 4 səhifə həcmində nəşr olunan “Rəncbər” qəzetinin 1921-ci ildə 31 nömrəsi, 1922-ci ildə isə 46 nömrəsi işıq üzü görmüşdür. “Rəncbər” qəzeti 1922-ci il dekabrın sonunda nəşrini dayandırmışdır.

Ermənistan K(b)P MK-nın nəzdindəki Türk seksiyasının müdiri Bala Əfəndiyev seksiyanın 1922-1925-ci illərdə gördüyü işləri əhatə edən hesabatında göstərirdi ki, 1923-cü ildən Ermənistan KP MK-nın orqanı olan “Rəncbər” qəzeti Zaqafqaziya Ölkə Komitəsinin qərarı ilə bağlanmış, əvəzində “Yeni fikir” qəzeti alınmışdır, hansı ki, Ermənistanın türk rayonlarının ehtiyac və tələbatını ödəyə bilmir.

Məhz Bala Əfəndiyevin gərgin əməyi nəticəsində, 1924-cü il noyabrın 29-da onun redaktorluğu ilə Ermənistan KP MK-nın və Ermənistan SSR Xalq Komissarları Şurasının orqanı kimi “Zəngi” qəzeti nəşr olunmağa başlamışdı. Əvvəlcə həftədə bir dəfə, sonra isə iki dəfə çap olunan bu qəzet azərbaycanlıların maariflənməsi, onların hüquqlarının qorunması, yeni türk əlifbasına keçid məsələlərində müstəsna rol oynayırdı. 1928-ci ilin sonuna kimi “Zəngi” adı ilə nəşr olunan qəzet 1929-cu ilin yanvarından “Qızıl şəfəq” adı ilə nəşr olunmağa başlamışdı.

Bala Əfəndiyev 1926-cı ildə Ermənistanda ictimai təminat komissarı vəzifəsinə təyin edilməsindən sonra qəzetin məsul redaktoru Mustafa Hüseynov olmuşdur.

1930-cu ilin yanvarında Əli Əkərəkli “Qızıl Şəfəq” qəzetinin redaktoru təyin edilmişdir. Bu barədə Rza Vəlibəyov öz xatirələrində yazır ki, Zaqafqaziya Kommunist Universitetinin məzunu Əli Əkərəkli Mərkəzi Komitənin tapşırığı ilə kollektivləşmə işlərinə rəhbərlik etmək üçün Basarkeçər rayonuna təhkim edilmişdi. Həmin vaxt Basarkeçərə gələn Ermənistan KP MK-nın ikinci katibi Ağasi Xancyan Əli Əkərəkli ilə görüşəndə deyir ki, Mərkəzi Komitənin bürosu razılığını soruşmadan onu “Qızıl şəfəq” qəzetinə redaktor təyin etmişdir.

Ermənistana rəhbər işə göndərilən köhnə kommunist Əli Tağızadə də “Qızıl şəfəq”in redaktoru işləmişdir. Əli Tağızadə Bala Əfəndiyevdən sonra 1929-1932-ci illərdə Ermənistan SSR ictimai təminat komissarı, eyni zamanda “Qızıl şəfəq”in redaktoru olmuş, Ermənistan KP MK-nın büro üzvü seçilmiş, 1933-1935-ci illərdə Vedi rayon Partiya Komitəsinin birinci katibi işləmişdi.

1932-1936-cı illərdə Mustafa Hüseynov yenidən “Qızıl şəfəq”in redaktoru təyin olunmuşdur. Türkiyədə doğulan Mustafa Hüseynovu redaksiyada qapıçı vəzifəsinə vaxtilə Türkiyədən gələn bir türk dostunu işə götürdüyü üçün həbs etmiş, ona “Türkiyənin agenti” damğasını vuraraq 1936-cı ildə güllələmişdilər.

1936-cı ilin noyabrından 1937-ci ilin aprelinədək “Qızıl şəfəq”in redaktoru Səfər Alməmmədov olmuşdur. Səfər Alməmmədov bir müddət Ermənistan SSR-in xalq ədliyyə komissarı olmuşdu.

1937-ci il oktyabrın 2-dən etibarən qəzet “Kommunist” adı altında nəşr edilmişdir. Bu arada qəzetin redaktoru irəvanlı Əkbər Rizayev olmuşdur. İrəvanda azərbaycanlı gənclərdən ibarət ilk komsomol özəklərinin yaradılmasında fəal iştirak edən Əkbər Rizayev bir müddət Ermənistan komsomolunun Mərkəzi Komitəsində və sonra isə Ermənistan KP MK-da şöbə müdiri, daha sonra Moskvada “İnostrannaya literatura” nəşriyyatında Türk ədəbiyyatı redaksiyasının müdiri vəzifəsində işləmişdi.

Qəzet 1939-cu il sentyabrın 26-dan sonuncu nömrəsinədək “Sovet Ermənistanı” adı ilə nəşr olunmuşdur.

Müəyyən fasilə ilə Cəfər Vəlibəyov təqribən 20 ilə yaxın qəzetin (əvvəlcə “Qızıl şəfəq”in, sonra isə “Sovet Ermənistanı”nın) redaktoru olmuşdur. 1907-ci ildə İrəvan qəzasının Əştərək nahiyəsinin Əkərək kəndində anadan olan Cəfər Vəlibəyov 22 yaşında İrəvan Türk Dram Teatrının direktoru, 25 yaşında Basarkeçər rayon Komsomol Komitəsinin katibi, sonra Amasiya rayonunda çıxan “Maldarlıq cəbhəsində” qəzetinin redaktoru, daha sonra Amasiya rayon Partiya Komitəsinin katibi vəzifələrində işləmişdi. 1938-ci ildən 1947-ci ilədək Cəfər Vəlibəyov “Sovet Ermənistanı” qəzetinin redaktoru, 1947-1949-cuillərdə isə Qarabağlar rayon Partiya Komitəsinin birinci katibi işləmişdi. 1949-cu ildə Cəfər Vəlibəyov yenidən “Sovet Ermənistanı”nın redaktoru təyin edilmiş, 1961-ci ilədək redaksiya kollektivinə rəhbərlik etmişdi. Cəfər Vəlibəyov təqaüdə çıxdıqdan sonra İrəvanı tərk edərək Bakıda yaşamışdır.

Rza Vəlibəyov da iki dəfə “Sovet Ermənistanının redaktoru olmuşdur. 1903-cü ildə Əkərək kəndində anadan olan Rza Vəlibəyov (Cəfər Vəlibəyovla əmioğlu idilər) 17 yaşından kommunist partiyasının üzvü, Ermənistanda Sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsi uğrunda çalışan mübarizlərdən idi. 1920-ci ildən Ermənistan komsomolunun Mərkəzi Komitəsində, sonra İrəvan şəhər Partiya Komitəsində, daha sonra Ermənistan KP MK-da təlimatçı, 1922-ci ildə 19 yaşında ikən Vedi rayon İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişdi. 1924-1928-ci illərdə Zaqafqaziya Kommunist Universitetində təhsil aldıqdan sonra Basarkeçər rayon Partiya Komitəsinin katibi, sonra isə qısa müddətdə “Qızıl Şəfəq”in redaktoru işləmişdir. 1931-1933-cü illərdə Moskvada Qırmızı Professorlar İqtisadiyyat İnstitutunda təhsil aldıqdan sonra İrəvana qayıdan C. Vəlibəyov, əvvəlcə Vedi rayon Maşın-Traktor Stansiyasında siyasi şöbənin rəisi, sonra Vedi rayon Partiya Komitəsinin birinci katibi, Ermənistan KP MK-da şöbə müdiri, Ermənistan SSR xalq ədliyyə komissarı, Xalq Komissarları Soveti sədrinin müavini, 1939-1941-ci illərdə SSRİ Sənaye Akademiyasının Plan İqtisadiyyat İnstitutunu bitirdikdən sonra SSRİ Dövlət Bankının Ermənistan Kontorunun müdiri, 1944-1947-ci illərdə SSRİ-nin Türkiyədəki Ticarət Nümayəndəliyinin başçısının müavini, 1947-1949-cu illərdə bir daha “Sovet Ermənistanı” qəzetinin redaktoru, 1949-1962-ci illərdə isə Ermənistan SSR maarif nazirinin birinci müavini vəzifələrində işləmiş, SSRİ və Ermənistan SSR Ali Sovetinin deputatı olmuşdu. Rza Vəlibəyov yeganə azərbaycanlıdır ki, İrəvanda Fəxri xiyabanda (Panteonda) dəfn olunmuşdur.

1961-1974-cü illərdə “Sovet Ermənistanı” qəzeti Həbib Həsənovun redaktorluğu ilə nəşr olunmuşdur. 1922-ci ildə Kəvər rayonunun Ağzıbir kəndində anadan olan Həbib Həsənov Moskvada Ali Partiya Məktəbini bitirdikdən sonra Ermənistanın Əzizbəyov rayon Partiya Komitəsinin şöbə müdiri, Eçmiədzin rayon Partiya Komitəsinin ikinci, Amasiya Rayon Partiya Komitəsinin birinci katibi vəzifələrində işləmişdir. Həbib Həsənov qardaşı, filologiya elmləri namizədi, İrəvan Pedaqoji İnstitutunun filologiya fakültəsinin müəllimi Mehdi Həsənovun erməni şovinistləri tərəfindən öldürülməsindən (kor bağırsaq əməliyyatından) sonra İrəvanı tərk edərək Bakıda məskunlaşmış, Tovuz rayon Partiya Komitəsinin birinci katibi, meşə təsərrüfatı naziri kimi müxtəlif vəzifələrdə işləmişdi.

1974-1981-ci illərdə “Sovet Ermənistanı” qəzetinin redaktoru filologiya elmləri namizədi Məhərrəm Bayramov olmuşdur. 1928-ci ildə Zəngibasar rayonunun Aşağı Necili kəndində anadan olan Məhərrəm Bayramov 1964-1966-cı illərdə Ararat (Vedi) rayon Partiya Komitəsinin katibi, 1966-1969-cu illərdə “Sovet Ermənistanı” qəzetinin redaktor müavini, 1969-1974-cü illərdə Amasiya rayon Partiya Komitəsinin birinci karibi, 1974-cü ildən “Sovet Ermənistanı”nın redaktoru işləmişdir. Eyni zamanda, Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olan, İrəvan Dövlət Pedaqoji İnstitutunun azərbaycanlı bölməsində filologiyadan dərs deyən Məhərrəm Bayramov 1981-ci ilin yanvarında faciəli şəkildə həyatdan getmişdir.

“Sovet Ermənistanı” qəzetinin redaktoru 1981-1985-ci illərdə Cahangir Əliyev olmuşdur. O, 1931-ci ildə Qərbi Azərbaycanın Amasiya rayonunun (Ağbaba mahalı) Düzkənd kəndində anadan olmuşdur. O, 1956-1962-ci illərdə Amasiya rayonunda çıxan “Kolxozçu tribunası” qəzetinin redaktoru olmuşdu. 1962-1964-cü illərdə Bakı Ali Partiya Məktəbində təhsil aldıqdan sonra rayonlararası “Şirak” qəzetinin redaktor müavini, daha sonra Amasiya rayon Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində işləmişdi. 1965-1969-cu illərdə Amasiya rayon Soveti İcraiyyə Komitəsinin sədri, sonra Ermənistan KP MK-nın təbliğat və təşviqat şöbəsində təlimatçı, 1974-1981-ci illərdə Amasiya rayon Partiya Komitəsinin birinci katibi işləmişdi. O, 1982-84-cü illərdə Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdu. 1984-cü ildə Bakıya köçmək məcburiyyətində qalan Cahangir Əliyev əvvəlcə Azərbaycan KP MK aparatında mətbuat bölməsində işləmiş, 1991-ci ildən ömrünün sonunadək “Xalq qəzeti”ndə çalışmışdır.

1985-ci ildən “Sovet Ermənistanı”nın redaktoru Zərbəli Qurbanov olmuşdur. 1934-cü ildə Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olan Zərbəli Qurbanov ali partiya təhsili almışdı. Vardenis (Basarkeçər) rayon Soveti İcraiyyə Komitəsinin sədri, 1981-1984-cü illərdə Amasiya rayon Partiya Komitəsinin birinci katibi işləmişdi. 1988-ci ilin fevralından ermənilərin Dağlıq Qarabağı Ermənistana birləşdirmək tələbi ilə İrəvanda fasiləsiz mitinqlər keçirilir, azərbaycanlı əhaliyə qarşı təhdidlər güclənirdi. İrəvandakı Opera teatrının qarşısında keçirilən mitinqlərin birində “Sovet Ermənistani” qəzeti ilə haqq-hesab çəkmək təklif olunmuş, mitinqçilər redaksiya binasını mühasirəyə almışdılar. Xüsusi təyinatlı dəstənin mitinqçiləri dağıtması nəticəsində redaksiyanın 20-yə yaxın əməkdaşı girov vəziyyətindən azad olunmuşdular. Bir müddətdən sonra Zərbəli Qurbanov və redaksiyanın bir neçə əməkdaşı həmişəlik olaraq İrəvanı tərk etmək məcburiyyətində qalmışdılar.

Tarix elmləri namizədi İsrafil Məmmədov 1989-cu ildə “Sovet Ermənistanı” qəzetinin sonuncu redaktoru olmuşdur. 1927-ci ildə Meğri rayonun Əmrəkar kəndində anadan olan İsrafil Məmmədov 1956-cı ildən taleyini “Sovet Ermənistanı” qəzeti ilə bağlayan İsrafil Məmmədov 30 ildən artıq müddətdə şöbə müdiri, məsul katib, redaktor müavini kimi məsul vəzifələrin öhdəsindən bacarıqla gəlmişdi. 1989-cu ilin sonunda “Sovet Ermənistanı” qəzeti həmişəlik qapadıldı. Girov kimi İrəvanda qalan qəzetin redaktoru İsrafil Məmmədov 1990-cı ilin yanvarında hərbçilərin müşayiəti ilə Azərbaycan sərhədinə çatdırılmışdı.

Azərbaycan mətbuat tarixində silinməz iz qoyan “Sovet Ermənistanı” qəzetində Tofiq Məmmədov, Lətif Hüseynov, Cümşüd Sultanov, Rza Əsgərov, Əsgər Əsgərov, Nəcəf Şabanov, Nüsrət Sadıqov, Allahyar Rəhimov, Vidadi Quliyev kimi peşəkar jurnalistlər dəstəsi formalaşmışdı. Tarix elmləri doktoru Sabir Əsədov, filologiya elmləri doktoru, “Respublika” qəzetinin redaktoru olmuş Teymur Əhmədov, şair- publisist Hidayət Orucov, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin sədri olmuş Babək Məmmədov, Milli Məclisin üzvü olmuş Eldar Səfərov əvvəllər “Sovet Ermənistanı” qəzetinin əməkdaşı olmuşdular.

Qərbi Azərbaycanın mətbuat tarixinin araşdırılmasında İsrafil Məmmədovun, Ziyəddin Məhərrəmovun, Cəlal Allahverdiyevin, Şəfəq Nasirin, Qəzənfər Qəribovun böyük zəhmətləri vardır.

1988-1989-cu illərdə 250 minə yaxın azərbaycanlı Qərbi Azərbaycandakı tarixi-etnik torpaqlarından qovuldular. Zəngin tarixi ənənələrə malik “Sovet Ermənistanı” qəzetinin əməkdaşları müxtəlif mətbuat orqanlarında, radio və televiziyada öz fəaliyyətlərini davam etdirdilər.

Azərbaycanın hər yerinə səpələnən qaçqınların səsini çatdırmaq üçün mətbu orqanına ehtiyac var il. 1990-cı ilin yanvarında Azərbaycan Qaçqınlar Cəmiyyətinin mətbu orqanı kimi “Vətən səsi” qəzeti təsis edildi. İlk vaxtlar qaçqınların həqiqi tribunası kimi çıxış edən bu qəzetin baş redaktoru Teymur Əhmədovla Cəmiyyətin rəhbərliyi arasında yaranan ixtilaflar nəticəsində qəzet getdikcə nüfuzdan düşdü. Sonrakı dövrdə qəzet filologiya elmləri namizədi Akif Məhərrəmlinin redaktorluğu ilə nəşr edildi. Son dövrlərə qədər “Vətən səsi” Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin orqanı kimi işıq üzü görmüşdür.

1993-1994-cü illərdə Teymur Əhmədovun redaktorluğu ilə “Vətən həsrəti” qəzeti işıq üzü görmüşdür. 1990-cı illərin ortalarında “Ağrıdağ” cəmiyyətinin orqanı kimi, eyniadlı qəzet dərc edildi. Eyni dövrdə Eldar İsmayılın redaktorluğu ilə bir müddət “Ulu Göyçə”, sonrası “İrəvan” qəzeti qaçqınların tribunasına çevrildilər.

Lakin bu qəzetlərin heç biri “Vedibasar” kimi uzunömürlü olmadı. Düz 21 ildir ki, bu qəzetin ağır yükünü azsaylı müxbir heyətinin köməyi ilə mətbuat fədaisi Sərtib İslamoğlu çəkir. Bu qəzetin adı “Vedibasar” olsa da, Qərbi Azərbaycanın hər bir guşəsinin aynasına çevrilib.

Qərbi Azərbaycanın mətbuat salnaməsinin ayrılmaz parçasına çevrilən “Vedibasar” bir ilkə də imza atıb. Sərtib İslamoğlu 2003-cü ildən etibarən qəzetin bütün saylarını illər üzrə ayrı-ayrı cildlər şəklində çap edilməsinə nail olub. Ona görə də mən “Vedibasar”ı Qərbi Azərbaycanın salnaməsi adlandırmaqda özümü haqlı hesab edirəm.