Qərbi Azərbaycan

Cahangir Əliyev

Cahangir Əliyev

Cahangir Həsənəli oğlu Əliyev 5 may 1931-ci ildə Qərbi Azərbaycanın Amasiya rayonunun (Ağbaba mahalı) Düzkənd kəndində anadan olmuşdur. 1952-1954-cü illərdə rayon Komsomol Komitəsinin ikinci, sonra isə birinci katibi işləmişdi. Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra 1956-1962-ci illərdə Amasiya rayonunda çıxan “Kolxozçu tribunası” qəzetinin redaktoru olmuşdur. 1962-1964-cü illərdə Bakı Ali Partiya Məktəbində təhsil aldıqdan sonra rayonlararası “Şirak” qəzetinin redaktor müavini, daha sonra Amasiya rayon Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1965-1969-cu illərdə Amasiya rayon Soveti İcraiyyə Komitəsinin sədri, sonra Ermənistan KP MK-nın təbliğat və təşviqat şöbəsində təlimatçı, 1974-1981-ci illərdə Amasiya rayon Partiya Komitəsinin birinci katibi işləmişdir.

1981-1985-ci illərdə Ermənistan KP MK, Ali Soveti Rəyasət Heyəti və Nazirlər Sovetinin orqanı olan “Sovet Ermənistanı” qəzetinin redaktoru olmuşdur. O, həmçinin 1982-84-cü illərdə Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdur. 

Ermənistan KP MK-nın üzvü (1976–1984), Ermənistan SSR Ali Sovetinin deputatı (IX–X çağırış olmuşdur.

1984-cü ildə Bakıya köçmək məcburiyyətində qalan Cahangir Əliyev əvvəlcə Azərbaycan KP MK aparatında mətbuat bölməsində işləmiş, 1991-ci ildən ömrünün sonunadək “Xalq qəzeti”ndə çalışmışdır.

Cahangir Əliyev 2010-cu ildə Bakıda vəfat etmişdir.