Qərbi Azərbaycana qayıdış haqqımız
Respublika. - 2025.- 22 iyun. - № 127. - S. 10.
Qərbi Azərbaycana qayıdış haqqımız
Səyavuş Məmmədov,
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Hacıqabul Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi, YAP rayon ərazi təşkilatının sədri
Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi üç mərhələdə - 1905-1920, 1948-1953 və 1988-1992-ci illərdə aparılıb.
Bu proseslər zamanı erməni vandalları Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insan vəhşicəsinə qətlə yetirilib; 750 mindən artıq azərbaycanlı Zəngəzurda Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada 300 min azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk etməli olub.
Bundan sonra erməni separatçıları Qərbi Azərbaycandan soydaşlarımızın izini itirmək üçün buradakı qəbiristanları, tarixi-mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın ediblər.
Məlum olduğu kimi, XIX əsrin əvvəllərindən Rusiya imperiyasının Qafqazda apardığı işğalçı müharibələrin gedişində yadelli yağılara qarşı ən güclü müqavimət göstərmiş Azərbaycan xanlıqlarından biri də İrəvan xanlığı olmuşdur. İrəvanın qəhrəman müdafiəçiləri Sisyanovdan tutmuş Paskeviçə qədər neçə-neçə rusiyalı generalların çoxsaylı hücumlarına mərdliklə sinə gərmiş, düz 3 dəfə - 1804, 1808 və 1812-ci illərdə işğalçıları məğlub edərək onları torpaqlarımızdan getməyə məcbur etmişlər. İşğalçılar ancaq 4-cü dəfə 1827-ci ilin payızında Həsən və Hüseyn qardaşlarının qəhrəmancasına qoruduqları İrəvan qalasının müqavimətini çox böyük çətinliklə qıraraq qalanı işğal edə bilmişdidər.
Bundan sonra işğalçılar öz erməni əlaltılarının da iştirakı ilə əzəli türk-müsəlman yurdunu xristianlaşdırmaq, türksüzləşdirmək məqsədilə min bir üsula əl atmışlar.
İnzibati-ərazi quruluşunu, idarəçiliyi dəyişərək, tarixi-milli sərhədləri nəzərə almayaraq, bu torpaqları imperiyanın xristian dayaqlarından birinə çevirmək üçün əllərindən gələni əsirgəməmişlər. 1828-ci ilin martında çar Rusiyası İrəvan xanlığının ərazisini əhatə edən "Erməni vilayəti" adlı qısa ömürlü bir qurum yaratdı. Ancaq cəmi on iki il sonra erməni siyasətbazlarının xam xəyallarını gözlərində qoyub bu qurumu ləğv etdilər.
Qədimdən yalnız Azərbaycan türklərinin məskun olduqları İrəvan şəhərinin adı Rəvan İrəvan, İrivan kimi qeyd edilmişdir. XIX əsrin əvvəllərində rus qoşunları tərəfindən işğal edildikdən sonra şəhərin adı Erivan kimi yazılmış, 1936-cı ildə Yerevan adlandırılmışdır.
Zəngi və Gedər çaylarının ərazisində yerləşən İrəvan şəhəri şimal-qərb tərəfdən dağlarla və təpələrlə, cənub və cənub-qərbdən isə əkinəyararlı vadi ilə əhatə olunmuşdur. İrəvan qalası Zəngi çayının sol sahilindəki sıldırımlı təpənin üzərində salınmışdı. Coğrafi baxımdan strateji əhəmiyyət kəsb etdiyi üçüq İrəvan şəhəri daim müharibələr meydanına çevrilmiş, dəfələrlə əldən-ələ keçmişdir.
1918-1920-ci illərdə erməni vandalları Qərbi Azərbaycanın müxtəlif ərazilərində, o cümlədən İrəvan və onun ətraf ərazilərində, Vedidə, Zəngəzur mahalında Göyçə mahalında, Dərələyəzdə, Zəngibasarda, Amasiyada, Lori-Pəmbəkdə, Qaraqoyunluda və digər azərbaycanlılar yaşayıan yaşayış məntəqələrində analoqu olmayan qırğınlar törətmiş, soydaşlarımızın çoxu erməni zülmündən qurtulmaq üçün İran, Gürcüstan və Türkiyəyə qaçmağa məcbur olmuşlar. Azərbaycanlılara qarşı ən çox qətl hadisələri Zəngəzurda Andranikin başçılıq etdiyi diviziya tərəfindən törədilmiş, çoxsaylı hamilə qadınlar süngüdən keçirilmişdir.
1920-ci il noyabrın 29-da Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra xarici ölkələrə qaçan azərbaycanlıların bir hissəsi doğma yurdlarına qaytarılmışlar.
1937-ci ildə Qərbi Azərbaycandakı soydaşlarımız repressiyaya məruz qalmış, ermənilərin xəyanəti nəticəsində qolçomaq damğası vurularaq çoxları Sibirə və Qazaxıstana sürgün edilmişdir.
Erməni daşnakları Sovet hakimiyyəti illərində yenə də öz ideologiyalarını reallaşdırmağa çalışmış, Qərbi azərbaycanlıları həmişə sıxışdırmış, onlara xəyanət toru hazırlamışlar. Haylar xaricdən gətirilən erməniləri yerləşdirmək adı altında İ.Stalinin "qəlbinə" girə bilməyi bacardılar.
Ermənilər öz havadarlarının dəstəyi ilə siyasi şəraitdən istifadə edərək SSRİ Nazirlər Soveti tərəfindən "Kolxozçuların və başqa azərbaylanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci ildə qərar qəbul etdirdilər. Ermənistan SSR-dən 150 min azərbaycanlı Kür-Araz ovalığına, Şirvana, Qarabağa, Milə, Muğana, Salyana, Ağdama, Goranboya, Bərdə şəhərinə, Ağdaşa, Göyçaya, Ucara, Kürdəmirə, Sabirabada, İmişliyə, Füzuliyə, Yevlaxa, Neftçalaya və digər ərazilərə köçürüldü. İ.Stalinin ölümündən sonra köçürülmə dayandırıldı.
1988-ci ildə ermənilər Mixail Qorbaçovu da ələ aldılar. Moskvadan Aqanbekyan Fransaya yollandı. Orada erməni diasporunun üzvləri ilə görüşdü, bildirdi ki, vaxt gəlib çatıb Dağlıq Qarabağı Azərbaycandan qoparmalıyıq. Ermənipərəst ölkə rəhbərliyinin xəyanəti ucbatından 1988-ci ildə min illər boyu Qərbi Azərbaycanda yaşayan soydaşlarımız tarixi-etnik torpaqlarımızdan qovuldular. Moskva isə bu ədalətsizliyə göz yumdu.
1997-ci ilin 17 dekabrında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən kütləvi surətdə deportasiyası ilə bağlı fərman imzalanmış və bu ədalətsizliyə hüquqi-siyasi qiymət verilmişdir.
XX əsrin sonuna yaxın Qərbi azərbaycanlılar öz tarixi-etnik torpaqlarını zülm və işgəncə ilə tərk etdilər. Bir sözlə, XX əsrdə xalqımız böyük bəlalarla üzləşdi. Amma sınmadı, əyilmədi, inamını itirmədi.
24 dekabr 2022-ci ildə bir qrup Qərbi Azərbaycan ziyalılarının Prezident İlham Əliyevlə görüşü oldu. Həmin tədbirdə vurğulandı ki, 44 günlük Vətən müharibəsində tarixi qələbəmizdən sonra indi əsas hədəf Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşdırılmasıdır. Qeyd etmək lazımdır ki, hazırda Qərbi Azərbaycan İcmasında bu məqsədlə səmərəli iş aparılır.
Bu gün bütün Qərbi azərbaycanlılar kimi, mən də yurd, vətən eşqi ilə yaşayıram. Əminəm ki, çox tezliklə ölkə rəhbərinin qətiyyəti nəticəsində canım qədər sevdiyim Göyçədə Böyük Mərzə kəndinə dönəcək, sönmüş ocaqlarımız yanacaq, xoş günlərimiz başlanacaq.
