Qərbi azərbaycanlılar tezliklə ata-baba yurdlarına dönəcəklər...
Respublika. - 2025.- 24 may. - № 107. - S. 9.
Qərbi azərbaycanlılar tezliklə ata-baba yurdlarına dönəcəklər...
Razim Hacıyev,
Gəncə şəhəri, təqaüdçü.
Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi 1905-1918-ci illərdə azərbaycanlı əhalisini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlıların indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi məsələsi hələ XVIII əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq niyyəti güdən Rusiya imperiyasının çoxdankı işğalçılıq planlarının tərkib hissəsi idi. İran və Türkiyə sərhədlərində bufer xristian zolağı yaratmaq niyyətində olan Rusiya erməniləri başlıca olaraq Azərbaycanın İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazilərinə, habelə digər münbit torpaqlara köçürdü. Qriqoryan missionerləri istisna edilməklə, ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən İrəvan bölgəsinə köçüb gəlməsi prosesi 1441-ci ildə erməni katalikosluğunun Kilikiyadan Azərbaycan Qaraqoyunlu dövlətinin ərazisinə - Üçkilsəyə köçürülməsindən sonra başlamışdı.
Erməni katalikosluğunun Qaraqoyunlu ərazisinə köçürülməsindən sonra Qriqoryan kilsəsinin müxtəlif vasitələrlə Azərbaycan türklərinə məxsus torpaqların ələ keçirilməsi və zaman-zaman ermənilərin burada yerləşdirilməsinə baxmayaraq, ermənilər Çuxursəd (İrəvan) bölgəsində say etibarilə həmişə cüzi azlıq təşkil edirdilər. İrəvan bölgəsində erməni əhalisinin cüzi bir azlıq təşkil etməsini XVIII əsrin sonlarında tərtib olunmuş arxiv sənədləri də təsdiq edir.
İrəvan xanlığının işğalından sonra həmin ərazilərdə - yeni Rusiya idarəçilik sistemi yaradılmasına başlandı. Bu məqsədlə Qafqazın baş hərbi hakimi Paskeviçin əmri ilə 1827-ci il oktyabrın 6-da İrəvanın "Müvəqqəti idarə"si adlı qurum yaradıldı. Yerli qoşunların komandiri general Kraskovski onun rəisi, işğalçıların əlaltısı olan erməni arxiyepiskopu Nerses isə "Müvəqqəti idarə"nin üzvü təyin edildilər. Çox keçmədən İrandan və Osmanlı imperiyasından çoxsaylı erməni əhalisi məqsədyönlü şəkildə Qərbi Azərbaycan ərazilərinə, o cümlədən İrəvan xanlığının ərazisinə köçürüldü.
Yeni rus idarəçiliyi yerli azərbaycanlı əhali arasında narazılığın artmasına səbəb oldu. Onlar doğma yurdlarını tərk edib başqa yerlərə, o cümlədən Osmanlı ərazisinə və İrana köçməyə başladılar.
Türkmənçay müqaviləsinin təsdiq edilməsinin (20 mart 1828) ertəsi günü I Nikolay "Erməni vilayəti" yaradılması haqqında fərman imzaladı.
Rusiyaya ilhaq olunan iki Azərbaycan xanlığının torpaqları hesabına yaradılan "Erməni vilayəti" İrəvan və Naxçıvan əyalətlərinə və Ordubad dairəsinə bölünmüşdü.
1895-ci ilin iyununda Nyu-Yorkda "böyük Ermənistan" yaratmaq məqsədi güdən "Erməni vətənpərvərlər ittifaqı" təşkilatı meydana gəldi. Bütün bu təşkilatların məqsədləri Türkiyədən müəyyən əyalətləri, Qafqazdan isə Göyçə, Zəngəzur, Qarabağ, Naxçıvan, Borçalı, Axalkalak ərazilərini qoparmaq hesabına böyük Ermənistan" yaratmaq idi.
Terror, şantaj, separatçılıq yolunu seçmiş erməni vandalları və onların faşist ideyalı "Daşnaksütyun" partiyası daim Qərbi Azərbaycan torpaqları və azərbaycanlı əhalinin faciəsi hesabına öz mənfur məqsədlərinə nail olmuşdur.
Erməni şovinistlərinin və Rusiya hakim dairələrinin milli siyasətinin üst-üstə düşməsi və biri-digərini tamamlaması nəticəsində İrəvan xanlığı ərazisinə uyğun gələn İrəvan quberniyasının 5 qəzasında yerli ermənilərin sayı 1831-ci ildəki 14,3 min nəfərdən artıb 1916-cı ildə 570 min nəfərə çatmışdır. Bu bölgədə çoxluq təşkil edən azərbaycanlıların sayı isə cəmi 4,6 dəfə artıb 246,6 min nəfərə çatmışdı.
Ermənilər I Dünya müharibəsi dövründə daha da fəallaşdılar. "Daşnaksütyun" partiyası tərəfindən hələ 1912-ci ildə yaradılmış "Erməni milli bürosu" ermənilərin Rusiya tərəfindən müharibədə fəal iştirak etməsi üçün geniş kampaniya başlatdı. "Milli büro"nun tərkibinə Tiflis erməni burjuaziyasının rəhbəri, Yepiskop Mesrop, Daşnak Partiyasının aktiv üzvü A.Xatisov, 1918-1920-ci illər daşnak hökumətinin başçısı Zavriyev, Samson Arutyunov, Dro və avantürist Andranik daxil idi.
1920-ci il noyabrın 29-da "Ermənistan" sovetləşəndən az sonra - dekabrda Rusiya bu sovetləşmənin müqabilində Zəngəzur, Göyçə, Dərələyəz mahallarını zorla alıb Ermənistana vermişdir.
1929-cu ildə məşhur Nüvədi və daha 11 kənd Ermənistana verilmişdir və bununla da Azərbaycan torpaqları hesabına 29,8 min kvadratkilometrdə "Ermənistan" dövləti yaradılmışdır.
İrəvan xanlığı ərazisində etnodemoqrafik vəziyyətin ermənilərin xeyrinə dəyişdirilməsi Rusiya imperiyası tərəfindən həyata keçirilən qanlı siyasət nəticəsində İrəvan xanlığında etnodemoqrafik vəziyyət erməni daşnaklarının xeyrinə dəyişdirildi.
XX əsrin əvvəllərində ermənilər tərəfindən Qərbi azərbaycanlılara qarşı törədilən kütləvi qırğınlar nəticəsində 1918-1920-ci illərdə bir çox azərbaycanlılar öz ata-baba torpaqlarında deportasiyaya məruz qalmışlar.
1948-1953-cü illərdə Qərbi Azərbaycandakı soydaşlarımız yenə də faciələrlə üzləşmiş, İ.Stalin, Molotov və digər ermənipərəst qüvvələrin xəyanəti ucbatından 150 min azərbaycanlı "Könüllülük prinsipi" altında Azərbaycanın Kür-Araz ovalığına köçürülmüşdür.
Ermənistandan azərbaycanlıların zorla köçürülməsində əsas məqsəd xaricdən gələn ermənilərin onların məskənlərində yerləşdirilməsi idi. Bu, daşnakların əzəli arzusu olan təkmillətli Ermənistan Respublikası yaratmaq siyasətinin nəticəsi olmuşdur
1970-1980-ci illərdə artıq SSRİ imperiyasının zəifləməsi prosesi gedirdi. Xalq arasında kommunizm utopiyasına inam azalırdı. İllərdən bəri formalaşmış inzibati amirlik sistemi artıq iflic vəziyyətinə düşmüşdü. Bu dövrdə erməni lobbisi M.Qorbaçovu öz toruna saldı. Yenə də ermənilər həmişə olduğu kimi, SSRİ hökumətinin dağıdılmasında detanator rolunu oynadılar. Onlar uydurma Qarabağ məsələsini ortaya atdılar. Qərbi azərbaycanlılara qarşı 1988-ci ildə təzyiqlər başlandı. 300 min azərbaycanlı məcburən ata-baba torpaqlarında deportasiyaya məruz qaldı.
Artıq 37 ildir ki, Qərbi azərbaycanlılar ata-baba yurdlarından didərgin düşmüşlər. Hamı yurd, Vətən həsrətilə yaşayır. Əmindirlər ki, Prezident cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Qərbi Azərbaycana Qayıdış Konsepsiyası reallığa çevriləcək, köç karvanları çox tezliklə qəribsəmiş yurd yerlərinə dönəcəkdir.
