Sərdarabad qalası
Sərdarabad qalası İrəvan xanlığının ərazisindəki Sərdarabad mahalında mövcud olmuşdur. İrəvan sərdarı tərəfindən inşa edildiyi üçün onun şərəfinə Sərdarabad adlandırılmışdı. Türkiyə sərhəddində və Araz çayının sol sahilində yerləşən bu qala İrəvan şəhərinin cənub qapısı sayılırdı
Rusiyanın İrəvan xanlığını işğal etmək niyyətindən əl çəkmədiyini yaxşı bilən Hüseynqulu xan İrəvan qalasını möhkəmlətməklə yanaşı, 1815-1817-ci illərdə fransız mühəndislərinin iştirakı ilə möhtəşəm hərbi-istehkam kompleksi inşa etdirmişdi.
İkiqat divarla əhatələnmiş Sərdarabad qalası dördkünc idi və dörd qapısı var idi. Bürclərdə toplar yerləşdirilmişdi. Qalaya Araz çayından kanal çəkilmişdi. Geniş bağlarla əhatə olunan Sərdarabad qalasında İrəvan xanının sarayı, ərzaq və hərbi sursat anbarları yerləşirdi.
Rus qoşunlarının komandanı İvan Paskeviç İrəvan qalasına hücum etməzdən öncə Sərdarabad qalasını və orada toplanan ərzaq ehtiyatını ələ keçirmək istəyirdi. 1827-ci il sentyabrın 13-də rus qoşunları iki istiqamətdən Sərdarabad qalasına hücuma keçirlər. Qala qarnizonunda 2 min döyüşçü və 14 top var idi. Sentyabrın 15-də gecə İrəvan xanının qardaşı Həsən xan da öz dəstəsi ilə hiss edilmədən qalaya daxil olmuş və onun müdafiəsinə rəhbərlik etmişdir. Lakin rusların topları qalanın cənub divarlarını dağıtdıqdan sonra onun müdafiəsi mümkünsüz hala gəlmişdi. Sentyabrın 20-nə keçən gecə Həsən xan dəstəsi ilə qaladan çıxdıqdan sonra Sərdarabad qalası süqut etmişdir. Ruslar qaladan 6 aylıq ərzaq ehtiyatı, 13 top və xeyli miqdarda barıt və sursat ələ keçirmişdilər .
Erməni tarixçisi V. Parsamyanın yazdığına görə, Həsən xanın qalanı tərk etməsindən sonra ermənilər qalanın qapılarını rus qoşunlarının üzünə açmışdılar.
İşğaldan sonra qalaya erməni ailələri yerləşmişdi. Qala tədricən dağılmış, onun divarlarının daşlarını ermənilər sökərək özlərinə evlər inşa etmişlər. Hazırda qalanın xarabalıqlarının izləri qalır.
