Qərbi Azərbaycan

Erebuni qalası

Erebuni qalası

Erməni tarixçiləri İrəvan şəhərinin adının Urartu çarı I Argiştinin dövründə (e. ə. 782-ci ildə) salınmış Erebuni (İrpuni) qalasının adı ilə bağlamağa çalışırlar. Erebuni qalası yalnız hərbi-istehkam məqsədilə inşa edilmişi və onun ətrafında heç vaxt şəhər infrastrukturu formalaşmamışdı. Yerli azərbaycanlı əhalinin “Qanlı Təpə”, hazırda ermənilərin “Arinberd” (ermənicədən tərcümədə “Qanlı Qala” deməkdir) adlandırdıqları bu təpə İrəvan şəhərinin cənub-şərq istiqamətində yerləşir. 

1879-cu ildə rus arxeoloqu A. İvanovski İrəvan ətrafındakı Çölməkçi kəndində üzərində mixi yazılar olan və Urartu çarı I Argiştinin hakimiyyəti dövrünə aid mətni əks etdirən bazalt daş aşkar etmişdir. Sonradan həmin ərazidə üzərində mixi yazıları olan daha bir neçə daş aşkar edilmişdi.

Qanlı Təpədən tapılan urartululara aid mixi yazılardan aydın olur ki, e.ə. VIII əsrin birinci rübündə Ağrı vadisi (Araz çayının sol sahili və Arpaçayın aşağı axarı) urartulular tərəfindən işğal edilənədək həmin ərazi Aza xalqının ölkəsi adlanmışdır.

İrəvan şəhərinin Urartu çarı I Argişti tərəfindən əsası qoyulan Erebuni (İrpuni) şəhəri ilə eyniləşdirilməsi ermənilərin tarixin saxtalaşdırılmasının bariz nümunəsidir. 1950-ci ildə Qanlı Təpədə aparılan arxeoloji qazıntılar zamanı üzərində mixi yazı olan bazalt daş aşkar edilmişdir. Həmin kitabədəki "RBN" ifadəsini ilk dəfə erməni tədqiqatçısı Q.Kapançyan “Erebuni” şəklində oxumuş və bu adın "Yerevan"la etimoloji bağlılığının mümkünlüyü fikrinin irəli sürmüşdür. Akademik Boris Piotrovskinin “Ola bilər ki, Urartu şəhəri Erebuninin adı Ermənistanın paytaxtı Yerevan şəhərinin adında yaşamaqda davam edir”  fərziyyəsi də ermənilərə imkan verdi ki, 1968-ci ildə Yerevanın 2750 illik yubileyini təntənəli surətdə qeyd etsinlər. Bununla da ermənilər dünyaya car çəkdilər ki, İrəvan şəhəri hətta qədim Romadan təqribən 30 yaş “böyük” imiş. 

Yalnız orta əsrlərdən etibarən şəhər kimi formalaşan İrəvan yaşayış məntəqəsi ilə, 1950-ci ildə arxeoloji qazıntılar zamanı üzə çıxan Erebuni qalası arasında xeyli məsafə olmuşdur. İrəvan şəhərinin ərazisi on dəfələrlə genişlənməsinə baxmayaraq, Erebuni qalasının yerləşdiyi Qanlı Təpə ilə şəhər arasında bu gün də xeyli məsafə vardır.

Urartuluların ermənilərə heç bir aidiyyəti olmadığı kimi, qədim Erebuni qalasının da indiki İrəvan şəhəri ilə nə məkan, nə də zaman baxımından əlaqəsi olmuşdur.