Qərbi Azərbaycan

Zəngəzur dəhlizi bizim üçün strateji məsələdir

Hüquqi müstəvi.-2022.-№1.-S.23-27.

 

Zəngəzur dəhlizi bizim üçün strateji məsələdir

 

Yaqub Mahmudov,

AMEA-nın həqiqi üzvü

 

Müharibənin nəticələrindən biri da, əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

 

Azərbaycan hazırda Yaxın və Orta Şərqin, postsovet məkanının ən qüdrətli dövlətlərindən biri statusunu daşıyır. Çünki 2020-ci ildə Azərbaycan Ordusu bu statusu öz əzmkarlığı, döyüşkənliyi, müasir silah sistemləri və savadlı hərbi kadr ehtiyatlarına sahib olmaq və ağır döyüşlərdən qələbə ilə çıxmaqla qazandı. Milli Ordumuz 30 ilə yaxın düşmən tapdağında olan, dağıdılan və viran edilən qədim torpaqlarını 44 günlük Vətən müharibəsində azad etməklə şanlı tarix yazdı. Artıq dövlətimizin ən prioritet məsələlərindən biri həmin azad edilən yurd yerlərimizin yenidən bərpası, məcburi köçkünlərin oraya qayıtması üçün lazım olan bütün tikinti-quruculuq işlərinin başlanması, Qarabağın yenidən abad, füsunkar bir diyara çevrilməsidir. Prezident İlham Əliyevin işğaldan azad edilən bölgələrimizə ardıcıl səfərlər etməsi, orada müxtəlif təməlqoyma, açılış tədbirlərində iştirak etməsi onu deməyə əsas verir ki, abadlaşdırma işləri hətta gözlənildiyindən də tez yekunlaşacaq. Çünki dövlət başçımız bu məsələni xüsusi diqqət mərkəzində saxlamaqdadır.

Qarabağın abadlaşdırılması məsələsindən başqa, daha bir geostrateji məsələ, şübhəsiz ki, Zəngəzur məsələsinin gündəmə gəlməsidir. “Zəngəzur dəhlizi” ifadəsi ilə gündəmə gələn bu məsələ, əslində, Azərbaycanın 101 il bundan əvvəl zorla əlindən alınmış torpaq bütünlüyünün yenidən dilə gətirilməsi, siyasi müstəviyə qaldırılmasıdır. 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəmizin ən mühüm cəhətlərindən biri də məhz budur ki, Zəngəzur dəhlizinin açılması siyasi tərəflərin gündəliyinə daxil oldu, Azərbaycan dövlətinin əsas siyasi prioritetinə çevrildi. Bu baxımdan, heç də təsadüfi deyildir ki, Prezident İlham Əliyevin çıxışlarında Şərqi Zəngəzur ifadəsinə yer verilmişdir. Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması barədə fərman imzalanması və s. məsələlər onu göstərir ki, bu dəhlizin açılması geostrateji məsələdir və Ermənistanın bu yolu bizə verməkdən başqa çarəsi yoxdur. Çünki bu dəhlizin açılması böyük iqtisadi layihələrin başlanğıcı, asanlaşdırılmasına gedən yoldur. Üstəlik, bu yol Azərbaycan - Türkiyə birbaşa əlaqələrinin yaranmasına, Türk dünyasının birləşməsinə açılan qapıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu günlərdə “CNN Türk” televiziya kanalına həmişəki kimi çox sərrast müsahibə verib. O, müsahibədə deyib: “Mən son illər ərzində dəfələrlə demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa olsun, öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu. Dediyim sözlər həyatda öz yerini tutdu və Azərbaycan qurtuluş savaşına başlayaraq, öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi”.

Artıq müharibə başa çatmışdır. Azərbaycan dövləti Ermənistanla beynəlxalq hüquq əsasında sülh müqaviləsi imzalamağa hazırdır. Ancaq Ermənistanda ifrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya o dərəcədə insanların və hakim dairələrin beyinlərini zəhərləyib ki, onlar bunu istəsələr də, dilə gətirə bilmirlər. Ermənistanda cəmiyyət və hakimiyyət, təbii ki, indi çox çətin bir psixoloji durumdadır. Çünki onların otuz il ərzindəki ideoloji sütunları darma-dağın edilib. Erməni ordusu işğalçı ordu idi və layiqli cəzasını aldı. Ermənistan rəsmiləri indi tarixi reallıqdan çıxış edərək revanşist iddialardan əl çəkməlidirlər. Onlar unutmasınlar ki, “dəmir yumruq” yerindədir.

Ölkə rəhbəri müsahibəsində Zəngəzur dəhlizinin açılmasının bir çox məqsədlərə, hədəflərə xidmət göstərdiyini xüsusi vurğulayıb. Qeyd edib ki, bu dəhlizin reallaşması nəticəsində Azərbaycanla Türkiyə yeni bir nəqliyyat layihəsi ilə birləşəcək. Düzdür, dörd il bundan əvvəl paytaxtımızda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçirilib. Bunun sayəsində qardaş ölkə ilə əlaqələr genişlənib. Zəngəzur dəhlizi isə ikinci bir birləşmə istiqaməti olacaq: “Beləliklə, bizim üçün yeni fürsətlər ortaya çıxacaq... Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşəcək. Eyni zamanda, biz tələb edirik ki, avtomobil yolu da çəkilsin - Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində. Çünki bu da mütləq lazımdır...”.

Prezident İlham Əliyev daha sonra Zəngəzur dəhlizinin təkcə Azərbaycan üçün deyil, həm də bölgə ölkələri üçün də yeni fürsət olacağını, Türkiyənin öz mallarım Orta Asiyaya bu qısa, alternativ yolla daşıya biləcəyini vurğulayıb, Ermənistanın Rusiya və İranla dəmir yolu ilə bağlantısının yaranacağını diqqətə çatdırıb: “Çünki Ermənistan - İran dəmir yolunun inşası bəlkə də 20 il müzakirə edilən bir məsələdir. Amma hələ ki, ortalıqda bir şey yoxdur. Çünki bu layihə təqribən, ən azı, 3 milyard dollar tələb edir. Ancaq Naxçıvan ərazisindən, - Naxçıvan ilə İran arasında artıq dəmir yolu xətti var, - istifadə edə bilərlər”.

Bu il fevralın 14-də isə Prezident İlham Əliyevin Horadiz - Ağbənd dəmir yolu xəttinin təməlini qoyması ilə həmin layihənin icrasına başlanıldı. Azərbaycan və Türkiyə prezidentləri iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanma mərasimindən sonra mətbuata birgə bəyanatlarla çıxış edərkən dövlətimizin başçısı məlum üçtərəfli bəyanatı xatırladaraq deyib ki, Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır.

Bu gün Ermənistanın revanşist qüvvələri Zəngəzur dəhlizinin reallaşması əleyhinə çıxış edirlər. Lakin onlar anlamalıdırlar ki, artıq mif və xülyalar dövrü arxada qaldı. Onlar bu layihənin qeyd edilən üstünlüklərindən faydalansalar, regional əməkdaşlığa önəm verərlərsə, sosial-iqtisadi sahələrdə müsbət göstəricilərlə qarşılaşa bilərlər. İlk növbədə, iqtisadi blokadadan çıxmaq və iqtisadi inkişafını gerçəkləşdirmək imkanları əldə edərlər.

Prezident xatırladır ki, ümumiyyətlə, Azərbaycan tarixən ermənilərə verilmiş torpaqlar üzərində varislik hüququnu bərpa etməlidir. Çünki həmin torpaqlar o zaman ermənilərə müəyyən şərtlərlə verilib. Müvafiq sənədlər xaricdən AMEA-nın Tarix İnstitutuna gətirilmişdi. Şərtlərə əsasən həmin torpaqlarda azərbaycanlıların yaşaması təmin edilməli, Şaumyanın başçılığı altında soyqırımlara son qoyulmalı, Zəngəzur və Qarabağa qarşı iddialardan əl çəkilməli idi. Ancaq bu şərtlərin hamısı pozuldu. Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə həmin torpaqların Azərbaycan xalqına qayıdacağını vurğulayıb. Ona görə də parlament o torpaqlara varisliklə bağlı müvafiq sənəd qəbul etməlidir.

Azərbaycanın müzəffər Ali Baş Komandanı, dövlətimizin başçısı öz qətiyyətli açıqlamalarında vurğulayır ki, biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Dövlət başçısı qeyd edib ki, bizim əsas rəqibimiz zamandır, çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir: “Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır... Prezident İlham Əliyev çıxışlarında bildirib ki, indi Ermənistanda bu məsələ ilə bağlı isterikaya qapılırlar. Buna ehtiyac yoxdur, Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır. Biz tarixi unuda bilmərik, kiminsə siyasi maraqlarının girovuna çevirə bilmərik. Gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri, baxsınlar, sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir - 101 il bundan əvvəl. Yəni, biz deyək ki, bu, olmayıb? Nəyə görə? Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır”.

Necə ki, illərdir Qarabağ və Şərqi Zəngəzur rayonlarını boşaltmaları ilə bağlı sülh çağırışlarımıza məhəl qoymadılar, amma sonda onlara elə zərbə vuruldu ki, hələ də özlərinə gələ bilmirlər. Əlbəttə, belə böyük zərbədən sonra bir də Zəngəzur dəhlizindən ötrü alınan zərbə Ermənistan dövlətinin tamamilə çökməsi ilə nəticələnə bilər. Azərbaycan isə regionda sülh və sabitliyin bərqərar olmasında maraqlıdır. Hər bir məsələ üçtərəfli Bəyanatın şərtlərində göstərildiyi kimi həyata keçirilməli və Ermənistan tərəfi atdığı imzanın arxasından qaçmağa cəhd göstərməməlidir.

Erməni revanşistlər, xüsusilə Koçaryan - Sarkisyan cütlüyünə qoşulanlar, Daşnaklar Şuşaya, Hadruta iddialar edirlər. Onlar anlamırlar ki, artıq Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Bu reallıqları Azərbaycan Ordusu yaratdı. Artıq saxta, uydurma mifoloji tezislərin zamanı getdi. Qarabağ öz həqiqi sahibinə qayıtdı. Azərbaycan xalqına saxta tarix təqdim olunub. Guya, indiki Ermənistan elə əvvəldən olub, Cənubi Qafqazın aborigen, yəni ən qədim yerli əhalisi ermənilərdir, biz isə Altaylardan köçüb gəlmişik. Bu, saxta bir tarixdir. Belə halların qarşısını almaq məqsədilə İrəvan xanlığının tarixini və uydurma “böyük Ermənistan” nəzəriyyəsinin əleyhinə kitablar çap etdirmişik. Tarixi reallığı dünyaya çatdırmaq məqsədilə rus, ərəb, ingilis, ispan, italyan və sair dillərdə kitablar ortaya qoymuşuq. Məqsəd ondan ibarətdir ki, dünya ictimaiyyətinə çatdıraq ki, ermənilər bura I Pyotrun göstərişindən sonra Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən köçürülmüş etnosdur.

Azərbaycan xalqının başına gətirilən müsibətlər, bütün bu qanlı tarix də ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə başlayıb. “Çar Rusiyası erməniləri təpədən dırnağa qədər silahlandırıb, Azərbaycan xalqını yurd-yuvasından didərgin salıb, soyqırımı həyata keçirib. Bizim tarixçilərimiz isə sovet dövründə çar Rusiyasına qatılmış Şimali Azərbaycanın tarixini Azərbaycan tarixi kimi təqdim ediblər. Ermənilər də bundan geniş istifadə edərək çar Rusiyasına qatılmış tarixi Azərbaycan torpaqlarını özlərinin qədim ərazisi kimi təqdim ediblər. 1828-ci il müqaviləsində yazılıb: “İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilir”. Göründüyü kimi, bu müqavilədə Ermənistan sözü yoxdur, çünki o vaxt Ermənistan yox idi, ermənilər hələ bu əraziyə yenicə köçürülürdü. Lakin bu tarixi saxtalaşdıraraq “Ermənistanın Rusiyaya birləşdirilməsi” kimi qeyd edirlər. Odur ki, bizim tariximiz xalqa olduğu kimi təqdim edilməlidir.

Azərbaycan xalqı bilməlidir ki, Zəngəzur, İrəvan əraziləri Azərbaycan xalqının tarixidir. Biz heç kimdən ərazi istəmirik, dünyanın yenidən bölüşdürülməsini tələb etmirik. İndiki Ermənistan ərazisi tamamilə bizim tariximizdir. Necə bu tarixdən əl çəkə bilərik ki, tanınmış Rusiya yazıçısı və diplomatı A.S. Qriboyedovun “Ağıldan bəla” əsəri 1827-ci ildə İrəvanda Xan sarayının güzgülü zalında tamaşaya qoyulub. İrəvan bizim mədəniyyət və xalçaçılıq tariximizdir. “İrəvanlı” adında ən azı yüzlərlə böyük sənətkarımız var. Təkcə İrəvan şəhərində 8 məscidimiz olub ki, indi onların heç biri qalmayıb. Bircə Göy məscid qalıb ki, onu da farslaşdırıblar, guya o ərazilərdə biz olmamışıq. Hansı ki, həmin ərazidəki bütün qədim tarixi abidələr Azərbaycan xalqına məxsusdur, ermənilərlə bağlı tarixi abidələrin isə yaşı vur-tut 200 ildən çox deyil. Çünki 200 il bundan əvvəl ermənilər İrəvan xanlığının ərazisinə yenicə köçürülməkdə idi. Biz real tarixi bərpa edib dünyaya çatdırdıq ki, bu ərazinin tarixi, oradakı bütün tarixi abidələr bizə məxsusdur.

Necə ki, İrəvan xanlığında bütün adlar dəyişdirilmişdi, işğal zamanı da Qarabağdakı coğrafi adlar, mədəni və tarixi abidələr erməniləşdirilirdi. Ermənilər utanmadan Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun hamısının adını dəyişdiriblər. Ssenari eynidir, yenə də məscidlər, tarixi abidələr məhv edilirdi, tarix kökündən dəyişdirilirdi. Lakin İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusu erməni manipulyasiyasının qarşısını aldı. İndi yurd yerlərimiz öz adlarına qovuşmaqdadır. Hətta Ermənistan ərazisində olan bölgələrimizin də öz adlarına qovuşmasını Prezident İlham Əliyev təkidlə bildirir.

Yəqin ki, bu günlərdə Kəlbəcər rayonuna səfəri zamanı dövlət başçımızın dedikləri heç kəsin diqqətindən yayınmadı. O dedi: “Durduğumuz yol ermənilər tərəfindən çəkilmiş Basarkeçər - Kəlbəcər yoludur. Onlar Ermənistanı Qarabağla birləşdirmək üçün ikinci yol çəkdilər. Laçın dəhlizindən əlavə. Beləliklə, Kəlbəcəri və digər əraziləri məskunlaşdırmaq və özlərinin gediş-gəlişini daha rahat etmək üçün bu yolu çəkdilər. Bu yol birbaşa Basarkeçər rayonuna gedir. Basarkeçər rayonuna Ermənistanda “Vardenis rayonu” deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalmışlar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunu, onun adını dəyişdirərək ona “Vardenis” adı qoymuşdur. Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə bağlı reportajlar hazırlayan və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilsin. İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır”.

Bu, kiçik məsələ deyil. Sünik deyil, Zəngəzur, Vardenis deyil, Göyçə mahalı və s. yer adlarımızın milliləşməsi, öz tarixi adlarında xatırlanması dövlət başçısının çizdiyi bir strateji missiyadır.

Beləliklə, bu missiya gənc nəslin o torpaqlara qayıtmasının vacibliyini yol xəritəsi kimi gözlər önünə sərməkdədir. Hazırda Azərbaycan dövlətinin strateji məsələsi olan Zəngəzur dəhlizi layihəsi öz tarixi torpaqlarımıza yenidən sahiblənmənin, yenidən o torpaqlara dönmənin başlanğıcıdır.